Xəzər Xəbər

Apreldə 2603 partlamamış hərbi sursat zərərsizləşdirib

Gündəm | 17:11 • 2 May 2018
Apreldə 2603 partlamamış hərbi sursat zərərsizləşdirib

Apreldə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tərtər, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərlərində 5 milyon 938 min 510 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 2596 partlamamış hərbi sursat, tank əleyhinə 3, piyada əleyhinə 4 mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.


ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, əməliyyatlara 487 nəfərlik əməliyyat heyəti, 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.


İndiyədək cəmi 523 milyon 990 min 199 kvadratmetr ərazi təmizlənib, 796 min 754 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.


Apreldə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətindən 20 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 25 müraciət daxil olub. Müraciətlər əsasında 43 min 250 kvadratmetr ərazi təmizlənib, 1073 partlamamış hərbi sursat və tank əleyhinə 1, piyada əleyhinə 1 mina, 73 kiloqram partlayıcı maddə aşkarlanıb. Həmin sursat yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.


Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.

Xəbər lenti