Xəzər Xəbər

İstiqlal Muzeyində təmir işlərinə başlanılıb

Gündəm | 13:27 • 21 Aprel 2018
İstiqlal Muzeyində təmir işlərinə başlanılıb

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici və icraedici hakimiyyət nümayəndələrinin ilk dəfə fəaliyyətə başladığı tarixi tikililərdə təmir-bərpa işlərinə başlanılıb.

Ölkə əhəmiyyətli tarixi abidələr hesab olunan və Gəncənin mərkəzində yerləşən bu binalardan biri hazırda Aqrar Universitetin nəzdində fəaliyyət göstərən İstiqlal Muzeyi, digəri isə universitetin əsas binasıdır.

Hazırda İstiqlal Muzeyi olan, lakin vaxtilə Fətəli xan Xoyskinin qardaşı İsmayıl xana məxsus bu binada 1918-ci ildə istiqlaliyyətini elan edən, türk və İslam dünyasında ilk demokratik respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti fəaliyyət göstərib.

İstiqlal Muzeyi ölkəmizin son yüz ildə keçdiyi çətin, lakin şərəfli inkişaf yolunu özünün tarixi eksponatlarında əks etdirən ən dəyərli muzeylərimizdən biridir. Muzey 1985-ci il mayın 5-də universitet kollektivinin təşəbbüsü ilə ölkənin aqrar tarixini, həmçinin ali təhsil müəssisəsinin uğurlarını təbliğ etmək məqsədilə təsis olunub. Ölkəmiz sonuncu dəfə müstəqilliyini bərpa etdikdən sonra binanın Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq muzeyin fəaliyyət istiqaməti genişləndirilərək daha da zənginləşdirilib. Hazırda muzey Azərbaycanın Kənd Təsərrüfatı Tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü və Aqrar Universitetin tarixini özündə əks etdirən yeddi geniş otaqdan ibarətdir.

İkinci abidə - Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasının təmiri üçün də vəsait ayrılıb. Hazırda hər iki binanın fasadında və İstiqlal Muzeyinin daxilində təmir işləri davam edir. İstiqlal Muzeyində təmir işləri yekunlaşdıqdan sonra bu tarixi məkan Aqrar Universitetin nəzdində olmaqla, şəhər muzeyi kimi fəaliyyət göstərəcək.

Hər iki tarixi abidədə aparılan təmir işləri mayın 28-i - Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinədək başa çatacaq.

Xəbər lenti