Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya
Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin
birinci müavini Valeri Gerasimovu qəbul edib.
XəzərXəbər xəbər verir ki, Valeri Gerasimov İlham Əliyevi
prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi və bu
seçkiləri xalqın dövlətimizin başçısına olan böyük etimadının
göstəricisi kimi qiymətləndirdi. Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət
zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu
əlaqələri müzakirə edildi, gələcək qarşılıqlı faydalı əməkdaşlıq
haqqında fikir mübadiləsi aparıldı.
Valeri Gerasimov NATO-nun Avropada
Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev
sahibliyi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlıq etdi.
Azərbaycan Prezidenti bu görüşün Bakıda
keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirdi və
görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət
edəcəyinə ümidvar olduğunu bildirdi.