"Parklanma yerləri ilə bağlı dezinformasiya yayılmaqdadır. Guya parkomatlar ləğv olunur və s. Belə deyil və ola da bilməz".XəzərXəbər xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.
Ekspert xatırladıb ki, "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsi və
İXM-in 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və
bu qaydaları pozanların cərimələnməsi qaydasını müəyyən edir:
"Qanunun
tələbinə əsasən, parklanma yerlərində DYP-nin Mərkəzi İnformasiya
Sisteminə inteqrasiya olunan foto və video qeydiyyat funksiyalı xüsusi
texniki vasitə olmalıdır. Həmin vasitə avtomobilin parklanma yerinə
gəlmə vaxtını, onun nömrəsini, ödəniş edilib-edilmədiyini, orada qalma
müddətini qeydə alıb real vaxt rejimində (on-line) DYP-yə ötürməlidir.
Hazırda Bakının
bəzi yerlərində parklanma yerlərində nəzarətçilərin əlindəki qurğunun
nə DYP-yə inteqrasiyası, nə də qeyd olunan funksiyaların hamısı var.
Deməli, bu qurğular və onlardan istifadə qanunvericiliyin tələbinə uyğun
deyil".
Ə.Hüseynov
qeyd edib ki, parklanma yerlərində belə tələblərə cavab verən parkomat
və ya başqa qurğu olsa da, onların hazırda qanunda göstərilən qaydada
tətbiqi mümkün deyil. Səbəblər isə aşağıdakılardır:
1. Nazirlər Kabineti
parklanma yerlərinin təşkili və istifadəsi qaydalarını, eləcə də
parklanma yerlərinin siyahısını müəyyən etməlidir (bunlar hələ müəyyən
edilməyib).
2. Nazirlər Kabineti (və ya Tarif Şurası) parklanma yerlərindən istifadə haqqını müəyyən etməlidir (buda müəyyən edilməyib).
3. Nazirlər Kabineti
parklanma yerləri yaxınlığında yaşayan sakinlər üçün ödənişsiz
parklanma talonunun verilməsi qaydalarını müəyyən etməlidir (bu da
yoxdur).
4. Ən başlıcası, 2 aprel 2018-ci il Fərmanına əsasən Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı
Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Məncə bu təhvil- təslim başa
çatdırılanadək parklanma yerləri ilə bağlı hər hansı bir yenilik
olmayacaq. Beləliklə, parklanma yerləri ilə bağlı yayılan bütün
məlumatlar, xüsusən parkomatların ləğv edilməsi, yeni cərimələr və s.
haqqında söhbətlər qanunvericiliyə uyğun deyil və əsassızdır.