Azərbaycanda aprelin
11-də keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqatın
aparılması başa çatıb. Ölkədə "sükut günü" elan edilib.
Prezident
seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin
Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə
23 gün qalmış - 2018-ci il martın 19-u başlayıb, səsvermənin
başlanmasına 24 saat qalmış dayandırılıb.
Xatırladaq ki, Mərkəzi
Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.
Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası
tərəfindən irəli sürülən İlham Əliyev,
namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli
sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat
Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli
Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev,
namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi
Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).
Səsvermə
günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti
seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkiləri 890 beynəlxalq, 58175
yerli müşahidəçi izləyəcək.