"Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq. Son
vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma
prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət
qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki
çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət,
ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün
maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir”.
XəzərXəbər xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin
2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlət
başçısı bildirib ki, Azərbaycan inkişafda olan ölkələr arasında
inklüziv inkişaf baxımından üçüncü yerdədir: "Hesab edirəm ki, bu,
tarixi nailiyyətdir. Bir çox böyük iqtisadi imkanları olan ölkələrdən
biz öndəyik, baxmayaraq ki, müstəqil ölkə kimi cəmi 26 ildir yaşayırıq.
Ona görə, bu aparıcı beynəlxalq qurumlar tərəfindən tərtib edilmiş bu
reytinqlər bizim uğurlu siyasətimizi əks etdirir. Ancaq biz, yenə də
deyirəm, əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Biz daim və daim
inkişaf etməliyik. Biz sahibkarlığın inkişafı üçün də əlavə addımlar
atmalıyıq”.
Prezident
qeyd edib ki, bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə
170 milyon manat vəsait ayrılır: "Bu vəsait vaxtilə verilmiş və
qaytarılan kreditlər hesabına ayrılır. Yəni bu, bir daha bizim
siyasətimizin uğurlu olduğunu göstərir ki, vaxtilə verilmiş 2 milyard
manatdan çox kreditlər indi qayıdır və yeni kreditlərin verilməsinə
xidmət göstərir.
Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm
iş yerlərinin açılmasına xidmət edir, həm yerli istehsalı gücləndirir.
Bir daha demək istəyirəm ki, biz sahibkarlığın inkişafına kompleks
şəkildə yanaşırıq. İnstitusional islahatlar aparılır və aparılacaq,
sahibkarlara maliyyə resursları, metodik tövsiyələr verilir, dövlət
tərəfindən kənd təsərrüfatı texnikası alınır, subsidiyalar verilir,
meliorativ tədbirlərə böyük vəsait xərclənir ki, kənd təsərrüfatı üçün
daha yaxşı imkanlar yaradılsın.Yol infrastrukturu, digər infrastruktur,
elektrik enerjisi, içməli su, qaz xətləri - görülən bütün bu işlər
vətəndaşlara və eyni zamanda, sahibkarlara xidmət göstərir. Ona görə,
növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət
istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş
qərarlar öz gözəl nəticəsini verir”