"Ermənistan bu gün heç
bir maraq doğurmayan ölkədir, heç bir investisiya qoyulmur. Müqayisə
üçün deyə bilərəm ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına
3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti
xarici sərmayədir"
XəzərXəbər xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Ölkə
başçısı deyib ki, Ermənistan iqtisadiyyatına isə keçən il ümumilikdə 200
milyon dollardan bir qədər çox vəsait qoyulmuşdur, onun da böyük payı
xaricdə yaşayan diaspor təşkilatlarının üzərinə düşür. Yəni, bu,
müqayisəedilməz vəziyyətdir və əlbəttə ki, biz bundan sonra da
Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq.
Dövlətimizin
başçısı deyib ki, bu gün Ermənistan bir dalana çevrilib. Biz onları
siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu
siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan
edirik və biz haqlıyıq. Biz öz torpaqlarımızı istəyirik. Biz istəyirik
ki, münaqişə tezliklə öz həllini tapsın, ölkəmizin ərazi bütövlüyü bərpa
edilsin, soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Bu, bizim
üçün prioritet məsələdir. Bütün gücümüzü səfərbər etmişik ki, bu
məsələnin həllinə nail olaq.