Xəzər Xəbər

AVCİYA prezident seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib

Gündəm | 15:02 • 6 Aprel 2018
AVCİYA prezident seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar aralıq hesabatını təqdim edib.


Xezerxeber.az  AZƏRTAC-a istinadən xəbər verir ki, hesabat AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı tərəfindən təqdim olunub. O bildirib ki, aralıq hesabat 2018-ci il 5 fevral-6 aprel tarixini əhatə edir. Hesabatda ictimai-siyasi mühit, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, təşviqat kampaniyasının, KİV-in monitorinqinin nəticələri öz əksini tapıb.


Qeyd edilib ki, seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini qənaətbəxş qiymətləndirmək olar. MSK-nın gördüyü bütün işlər fəaliyyət proqramında göstərilən müddətlərdə, vaxtında həyata keçirilib. MSK tərəfindən seçki maarifçiliyinə dair bir sıra tədbirlər keçirilib, müxtəlif vəsaitlər, seçki plakatları çap olunaraq yayılıb. Prezidentliyə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilib və kənar müdaxilələr qeydə alınmayıb. Seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problemlər müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb. Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib.


AVCİYA seçki qərargahının müxtəlif sahələrdə apardığı monitorinqin nəticələri göstərir ki, 11 aprel prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət, seçicilərin fəallığı, mövcud qanunvericilik və digər amillər ölkədə demokratik və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir.

Xəbər lenti