Xəzər Xəbər

“Şimali Koreya Bakının təcrübəsini öyrənmək istəyir” XİN rəhbəri

Gündəm | 12:27 • 6 Aprel 2018
“Şimali Koreya Bakının təcrübəsini öyrənmək istəyir”
Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Yong Ho Rinlə görüşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Yong Ho Ri konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

XİN başçısı 2019-cu ildən Azərbaycanın təşkilata sədrliyə başlamasının Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana olan inamından irəli gəldiyini bildirib. O, həmçinin KXDR-in Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərlə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu əlavə edib.

E.Məmmədyarov Yong Ho Rinin Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. Azərbaycanın XİN başçısı Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyin dəstəklənməsinin cari beynəlxalq münasibətlərdə aktual olduğunu və Bandunq prinsiplərinə sadiqliyin vacib olduğunu diqqətə çatdırıb.

Səfərinin tarixi olduğunu bildirən Yong Ho Ri ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından səfərlər mübadiləsinin arzuolunan olduğunu vurğulayıb.

Yong Ho Ri KXDR-in Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, xüsusilə neft sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Bakı şəhərinin arxitekturasının öyrənilməsi məqsədilə KXDR-dən olan arxitekturlarının səfərinin mümkünlüyünü vurğulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti