Xəzər Xəbər

Azərbaycanda işsizlər üçün vakansiya bankı yaradılır

Gündəm | 10:17 • 6 Aprel 2018
Azərbaycanda işsizlər üçün vakansiya bankı yaradılır

Azərbaycanda işsizliklə bağlı vakansiya bankı yaradılır.


Bu, yenidən hazırlanmış "Məşğulluq haqqında” qanun layihəsinin 7-ci maddəsində (Vakansiya bankının yaradılması) əks olunub.

Maddəyə görə, vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

Elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.

Vakansiya bankının yaradılmasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi fəaliyyətinə lisenziyası olan və müvafiq icra hakimiyyəti orqanı ilə elektron qaydada informasiya mübadiləsinə dair razılaşması olan hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarından istifadə edilə bilər.

Maddədə o da deyilir ki, məlumatları nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.

Qanun layihəsi Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılır. (APA)

Xəbər lenti