"Döyüşlərdən öncə
digər istiqamətdə Lələtəpə yüksəkliyinə qədər olan ərazini görürdük,
lakin geri bölgəni görə bilmirdik. Amma bu gün Lələtəpədən duraraq
Cəbrayıl rayonunu, Qubadlının bəzi dağlarını, hətta Zəngilana gedən yolu
– böyük əməliyyat sahəsini - atəşin təsir edə biləcəyi sahəni
nəzarətimizdə saxlaya bilirik. Bu isə ondan xəbər verir ki, gələcək
əməliyyatlarda düşmənin hansısa fəaliyyəti olacaqsa, artıq düşmən
dərinlikdən irəliləməyə başlayarsa, biz onu zamanında aşkar edib təsir
göstərə biləcəyik”. Azərbaycan Ordusunun Birlik komandiri general-mayor Mayis Bərxudarov Ordu.az-a müsahibə verib. XəzərXəbər həmin müsahibəni oxucularına təqdim edir.
-
Cənab general, Aprel döyüşlərindən öncəki vəziyyəti oxucularımız üçün
yığcam şəkildə də olsa, təsvir etməyinizi istərdim. Yəni düşmən Cəbrayıl, yaxud Füzuli istiqamətlərində nə kimi möhkəmləndirmə tədbirləri həyata keçirmişdi?
-
Ümumiyyətlə, bilirsiniz ki, hər bir döyüş əməliyyatından öncə düşmən
tərəfdə hansısa tədbirlər həyata keçirilir. Bu dəfə də düşmənin hazırlıq
tədbirlərini, müəyyən texnikaların gətirilməsi və düzədilməsini, özləri
üçün müşahidələrin artmasını - fəallığı hiss eləmişdik. Biz öz
hazırlığımızı istənilən halda hər zaman görürük. Bunu öncədən aşkar
etmişdik, ona görə də bütün hazılıqları görmüşdük. Belə deyək, düşmənin
hər fəaliyyətini izləmək üçün yetəri qədər avadanlığımız var. İstər
gecə, istərsə də gündüz – günün istənilən saatında düşməni izləməyə
qadirik. Ümumilikdə, öncədən ermənilərin hücuma keçəcəyini hiss
etmişdik, bu səbəbdən tamamilə hazır idik.
Əlbəttə, bizim də hər
istiqamətdə istədiymiz anda tətbiq edəcəyimiz döyüş texnikanmız, şəxsi
heyətimiz, qüvvəmiz, silahımız da var idi. Biz bunu əsas tutaraq arxayın
şəkildə onları qarşılamağa hazır olduq. Əslində, düşmən özü bizə qarşı
gəlməyə başladı və biz də ona yetəri qədər cavab verdik.
- Ümumiyyətlə, bu istiqamətdə ordumuzun daha öncə əks-hücum əməliyatları həyata keçirilib. Təbii ki, sualım Horadiz
əməliyyatından sonra baş verənlərə aiddir. Maraqlıdır, aprel
döyüşlərindən öncəki dövrdə düşmənin təxribatçı hücumlarının qarşısını
almaq üçün hansı əks-hücum əməliyyatları həyata keçirilib?
- Horadiz
əməliyyatından sonra, genişmiqyaslı hücumlar olmayıb. Düşmən bir neçə
dəfə bizim postlara soxulmağa çalışıb. Snayper fəaliyyəti, bir anda bir
neçə nöqtədən iriçaplı pulemyotların atışı, artilleriya atəşi ilə
qarşılıqlı müəyyən döyüşlərmiz olub, amma bu, o deyildi. Bu dəfə onların
niyyəti tamam başqa idi. Bu dəfə düşmənin niyyəti, bəlkə də, bizim
gözümüzü qorxutmaq idi. Lakin tam əksinə oldu.
- Düşmən
təxribatlara əl atarkən ilkin döyüş faliyyətiniz, planlaşdırmanız hansı
isdiqamətdə olub? Ümumiyyətlə, cənub istiqamətində döyüşün planlı
şəkildə mərhələlərini təsvir edə bilərsinizmi?
- Belə
deyək, əlbəttə ki, bir neçə gün öncə onların fəaliyyətini,
hazırlıqlarını görəndə müəyyən mənada hücum gözləyirdik, lakin düşmən
hücumunun belə qəfil olacağını gözləmirdik. Onların qəfil fəaliyyətini
hiss edən kimi biz də onlara qarşı öz tədbirlərimizi görməyə başladıq.
Söz
yox ki, birinci gələn düşməni məhv etmək lazımdır. Onu məhv edəndən
sonra isə hücumların qarşısını almaq və düşmənin məhv edilməsi prosesini
davam etdirmək labüddür. Bunun üçün orada xüsusi qruplaşma yaratdıq.
Elə bölmələrin özündə. Xüsusi olaraq başqa bir qüvvə aparmadıq. Elə
orada həmin an mövcud olan qüvvələrdən qruplar yaratdıq və onları yerinə
oturtduqdan sonra düşmənin gözləmədiyi anda hücuma keçərək səngərlərinə
girdik. Səngərdə eyni vaxtda bütün bu qarışıqlıq içərisində fəaliyyət
göstərə bilmək üçün çox yüksək peşəkarlıq tələb olunur. Burada
tapşırıqlar yerinə siqnalla yetirilir. Eyni vaxtda düşmənin səngərini
ələ keçirməymiz və onların səngərdə olan bütün qüvvələrini məhv
etməyimiz, onların geri çəkilməyə çalışan qüvvələrini məhv etməyimiz və
qısa bir vaxtda Lələtəpə yüksəkliyi ilə onun ətrafındakı yüksəkliklərdə
artıq bizim bölmələrimizin orada olması düşmənin döyüş əzmini tamamilə
qırdı. Paralel olaraq digər istiqamətdə, belə deyək, cəbhənin sağ
cinahından döyüş texnikasının çox az miqdarının irəli yürüdülməsi ilə
düşmənin artıq beli qırıldı. Ermənilər qaçamağa üz qoydular. Doğrudur,
biz geri çəkilməyə çalışan düşmənə qarşı lazım olan bütün tədbirləri
həyata keçirdik. Nəticədə əlverişli həddi ələ keçirdik, sübut elədik ki,
bu döyüş belə aparılır - bunu hansı mərhələlərlə yerinə yetirmək olar.
Hazırlaşdıq, göstərdik və lazım olan yerə çıxdıq.
-
Düşmənin həmin gün bütün cəbhə boyu təxribatçı hücuma keçməsi nəyə
hesablanmışdı? Yəni düşmən sadəcə hücum həyata keçirib geri qayıtmaq
istəyirdi, yoxsa psixoloji təzyiq yaratmaq onlar üçün daha vacib idi?
- Düşmənin hücuma keçdiyi ərazi elə bir xüsusiyyətə malikdir ki, onlar öz niyyətlərinə nail ola bilsəydilər, artıq bu gün bizim Cocuq Mərcanlı kəndində yaşayış ola bilməzdi. Qazaxlar kəndində yaşayış ola bilməzdi. Horadiz
qəsəbəsi tam şəkildə atəş altında ola bilərdi. Ümumiyyətlə, düşmənə
görə, sağ cinahda onların irəliləməsi bizim çox böyük ərazimizin
düşmənin nəzarəti altında qalması ilə nəticələnə bilərdi. Lakin bunun
tam əksi oldu. Biz Lələtəpəni azad etdik. Bu gün həm Cocuq Mərcanlıda
insanlar rahat yaşaya bilir, həm əkin sahələrində əkin əkə bilir,
maldarlıqla məşğul olur, həm də uşaqlar rahat şəkildə məktəbə gedə
bilirlər. Artıq düşmənin daha öncə dinc sakinlərə atəş açmaq imkanı
olduğu yerlər bizdədir.
Bu əməliyyat çox böyük əhəmiyyət
daşıyırdı. Düşmənin niyyəti böyük idi. Yəni sadəcə bir neçə əsgərimizi
öldürüb geri çəkilməyi planlaşdırmırdı. Onlar bir sıra yüksəklikləri
tutmaq istəyirdilər.
-
Lələtəpə istiqamətində baş verən döyüşlər qısa mütdətli görsənsə də,
təbii ki, Lələtəpənin mahiyyəti ümumiyyətlə bu şəkildə xarakterizə
edilməməlidir. Sizin fikrinizcə, Lələtəpənin azad edilməsi ilə ön cəbhə
üçün nə kimi imkanlar açıldı?
- Düşmənin Lələtəpə
yüksəkliyinə qədər gəlib çıxdığı Birinci Qarabağ Müharibəsindən bəri bir
neçə dəfə Lələtəpə, bizim ordu tərəfindən azad edilsə də, orada
möhkəmlənə bilmədik. Çünki düşmən cinahlardan daha əlverişli mövqelərə
sahib idi və onlar məhz bir hadisə əsasında mif yaratmışdılar ki, guya
müdafiə zolaqları yarılmazdır. "Ohanyan müdafiəsi” – ermənilər onu
arxadan da, sağdan da, soldan da qoruyurdu. Elə bir mif yaratmışdılar
ki, özləri də buna inanmışdılar və belə deyək, ətrafı da öz
rəvayətlərinə inandırmağa çalışırdılar. Biz Lələtəpəni və sol cinahı
azad etdikdən, mövqelərimizi möhkəmləndirdikdən sonra düşmən bu
əraziləri bir də qaytaracağını düşünürdü.
Onlar təlaş içərisində
yenidən növbəti hücuma keçdikdə qüvvələrimiz qarşısında tab gətirə
bilmədilər. Əvvəlcə onların döyüş texnikasını döyüş meydanında məhv edib
sıradan çıxardıq, sonra isə canlı qüvvəsini məhv məhv elədik. Artıq
bundan sonra düşmən ayıldı ki, yüksəkliyi növbəti dəfə geri qaytarmaq
mümkünsüzdür.
Qısa bir vaxtda orada bərkidik, möhkəmləndik,
bütün ərazini nəzarətə gətirdik. Döyüşlərdən öncə digər istiqamətdə
Lələtəpə yüksəkliyinə qədər olan ərazini görürdük, lakin geri bölgəni
görə bilmirdik. Amma bu gün Lələtəpədən duraraq Cəbrayıl rayonunu, Qubadlının bəzi dağlarını, hətta Zəngilana
gedən yolu – böyük əməliyyat sahəsini - atəşin təsir edə biləcəyi
sahəni nəzarətimizdə saxlaya bilirik. Bu isə ondan xəbər verir ki,
gələcək əməliyyatlarda düşmənin hansısa fəaliyyəti olacaqsa, artıq
düşmən dərinlikdən irəlləməyə başlayarsa, biz onu zamanında aşkar edib
təsir göstərə biləcəyik.
- Bu gün cəmiyyət həqiqətən də dediyiniz kimi, Lələtəpənin azad edilməsini Fizuliyə, yaxud Cəbrayıla
açılan qapı kimi dəyərləndirir. Sizin fikrinizcə, növbəti əməliyyatlar
zamanı düşmən nə kimi itkilər verə bilər? Yəni cənub istiqamətində
təxribat əməliyyatlarının keçiriləcəyi təqdirdə ümumi olaraq onlar hansı
itkilərə məruz qalacaq?
- Bir söz deyə bilərəm ki,
növbəti döyüş əməliyyatlarında düşmən canlı qüvvə də itirəcək, texnika
da və biz torpaqları qeri qaytaracağıq. Bunu mən əminliklə deyə bilərəm.
Cənab Prezidentin
qayğısı Aprel döyüşlərindən sonra bölgədə bir neçə dəfə üstünlüyə malik
olmağımız və gələcək döyüş üçün vacib olacaq bütün silah-sursatın,
texnikanın bizə verilməsi ondan xəbər verir ki, biz hər dəqiqə, hər an
bunu müəvəffəqiyyətlə yerinə yetirməyə qadirik.
Düşmən bu gün
bizimlə heç cür müqayisə olunacaq səviyyədə deyil. İstər canlı qüvvəsi,
istər texnikası, istərsə də silah-sursatı müqayisə olunacaq səviyyəyə
malik deyil. Onların resursları yoxdur. Özləri də bunu hiss edirlər və
ilk səhv addımı atacaqları təqdirdə başlarına hansı oyunun gələcəyini
çox yaxşı bilirlər.
- Cəmiyyətədə ümumi şəkildə bir çox
fikirlər səsləndirilir. İstərdim ki, bu fikirlərə, suallara bir cavab
vərəsiniz. Cəmiyyət daxilində mənfi fikirli şəxslər var ki, bu gün
Lələtəpənin azad edilməsini bir təpənin ələ keçilirməsi kimi qələmə
verməyə çalışır. Ümumiyyətlə, belə şəxslərə hansı tutarlı cavabı
verərdiniz?
- Bu, düzgün fikir deyil. Bu fikri
səsləndirənlər dövləti, ordunu, cəmiyyəti sevməyən insanlardır. Bizim
orada – Lələtəpənin azad edilməsində şəhidlərimiz olub. Bu kimi fikirlər
şəhidlərin ruhuna toxunur, onların ailələrinə qarşı hörmətsizlik
əlamətidir.
Bizim
orada qazilərimiz olub. Bizim üçün torpağın hər qarışı qızıldır və biz
orada geniş bir ərazini düşmən tapdağından azad etmişik. Daha öncə qeyd
etdiyim kimi, ora elə bir ərazidir ki, gələcək döyüş əməliyatlar üçün
geniş bir səhə açır. Bu bir. İkinci tərəfdən biz bu müddət - 25 il
ərzində elə bir uğur əldə etmişik ki, inanın bu, uşaqdan tutmuş bütün
yaşlı insanlara qədər, qadınlara qədər qürurla yaşamağımıza səbəb olub.
Cənab Prezident səbəbsiz yerə demir ki, aprel döyüşləri bizim şanlı qələbəmizdir.
Aprel
döyüşlərini dərsliklərə salırlar. Bizim övladlarımız bundan istifadə
edəcəklər, buradakı qəhrəmanları tanıyacaqlar. Buradakı şəhidlərin
fədakarlığını görəcəklər. Digər tərəfdən isə bu, müharibədir. Bu gün biz
Lələtəpə və onun ətrafını azad etmişik, növbəti dəfə ondan da böyük
yüksəklikləri azad edəcəyik. Artıq Lələtəpə tarixə çevriləcək. Bir başqa
gün isə biz bu torpaqları işğaldan azad edəcəyik. Bunun başqa yolu
yoxdur. Başqa çıxış yolu yoxdur. Cənab Prezidentin
komandanlığı ilə biz bu tapşırıqları müvəffəqiyyətlə yerinə
yetirəcəyik. Lakin Lələtəpənin geri qaytarılmasını uğur kimi
qiymətləndirməsək, buna sevinməsək, bunu dəyərləndirməsək, növbəti
döyüşə neçə hazırlaşa bilərik?
Bu uğuru qiymətləndirməyən
insanları o təpə uğrunda döyüşən 18 yaşlı əsgərlə qarşılaşdırmaq,
söhbətlərini təmin etmək lazımdır. Qoy onların hansı hisslər
keçirdiklərini eşitsinlər, duymağa çalışsınlar. Bundan sonra yenə eyni
mövqedə qalmaq artıq mümkün olmayacaq, axı həqiqətən də Lələtəpədə
nəzarətin ələ keçirilməsi kiçik qələbə deyil.
- Bir çox
analitik mərkəzlər yayda Qarabağda müharibənin yenidən qızışacağını
bildirir. Düşmən də öz cəmiyyəti daxilində bu tipli psixoloji
imformasiyalar formalaşdırır. Sizcə, yayda – artıq saylı aylardan sonra
həqiqətən belə bir əməliyytalar yetişə bilərmi? Bu, mümkündürmü?
-
Biz hər an, hər dəqiqə hazırıq. Bunun yaya, qışa heç bir dəxli yoxdur.
Təbii, müharibə iki tərəflidir. Hər fəslin müəyyən çətinlikləri var. O
cümlədən, əgər hücum üçün çətinlik varsa, müdafiə üçün də çətinlik var.
Yəni bu, tərəflərdən biri üçün deyil, hər iki tərəf üçün çətinliklər
yaradır.
Öncə də qeyd etdiyim kimi, hər şey Ali Baş
Komandanımızın verdiyi qərardan asılıdır. Əsas odur ki, bizim ordu bu
dəqiqə hər an qızıl quş kimi irəli doğru şığımağa hazırdır. Önəmli olan
bu deyilmi?! Hansı saniyə, hansı an desələr, biz bunu yerinə
yetirəcəyik. Bunu əminliklə deyə bilərəm.
- Cənab general, danışıqlar çərçivəsində düşmənin istər hərbi, istər siyasi kadrları, məsələn, Serj Sarkisyan müdafiə naziri olarkən "Ağdam
bizim torpağımız deyil" kimi ifadələr işlədib. Yəni düşmən cənubdan
daha çox şimala köklənib. Onlar Dağlıq Qarabağın tanınması fonunda,
kompensasiya kimi cənub bölgələrin qaytarılması üzərində düşünürlər. Bu,
bir neçə dəfə rəsmi şəkildə səsləndirilib. Təbii ki, bu,
qəbuledilməzdir. Sizcə, düşmənin cənub isdiqamətindən şimal isdiqamətinə
daha çox artilleriya və texnika yerləşdirilməsi nəyə hesablanıb?
Ümumilikdə, düşmənin yeni strategiyası nədən ibarətdir?
-
Belə deyək, ümumiyyətlə onların bir neçə dəfə bu fikri
səsləndirmələrinə baxmayaraq, biz hərbi yöndən bu siyasətə müdaxilə
etmirik. Yalnız bundan əminəm ki, bu, bir faktır. Tarix də bunu
göstərir. Qarabağ tarixən Azərbaycanındır, Azərbaycana məxsusdur. Biz
onu Cənuba, Şimala bölmürük. Ola bilər ki, düşmən öz fikrində Dağlıq
Qarabağın keçmiş SSRİ-də
olan sərhədlərini nəzərdə tutur və ən azından həmin ərazini son anda
əlində saxlamaq barədə düşünür. Bu isə qorxaqlıqdır. Amma düşmən bilsin
ki, biz bununla barışmayacağıq, bizim üçün köhnə Sovet İttifaqı
xəritəsində olan Dağlıq Qarabağ Muxtar
Vilayətinin ərazisi belə mövcud deyil. Bizim sərhədimiz Qarabağ da
daxil olmaqla ona bitişik olan bütün rayonlardır. Bütün bu torpaqlar
Azərbaycandır, Azərbaycanındır.
- Hazırda ordumuzun
döyüş hazırlığı çox yüksək səviyədədir. Buna şübhə yoxdur. Lakin düşmən
tərəf öz cəmiyyətini sakitləşdirmək üçün miflər formalaşdırır. Məsələn,
"Xalq-ordu” lahiyəsi, "Mənəm" lahiyəsi tipli hərbi layihələr bunun bariz
nümunəsidir. Belə deyək, hərbi-kriminal rejim tərəfindən Ermənistanın
hərbiləşdirilməsi, hər şəxsin orduya kömək etməsi və sairə kimi
layihələr irəli sürülür. Təbii ki, erməni cəmiyyətinin bir çox hissəsi
buna qarşıdır və etirazlar edir. Çünki onların əmək haqqlarından ordunun
xeyrinə icbari ödənişlər tutulur. Bu prizmadan baxsaq, düşmən ordusunu
Azərbaycan Ordusunun qarşısında hansı şəkildə qiymətləndirirsiniz?
-
Ermənilərin də içərisində ağıllı fikir söyləyənlər var. Əslində bu
ağıllı fikirlər bütün hallarda bizim xeyrimizədir. Onlar özləri də
deyirlər ki, biz Azərbaycanın qarşısında heç bir şəkildə dura bilmərik.
İnanırsınız, bu gün İrəvanın mərkəzinə qədər vurmağa qadir ağır
artilleriyamız var. Xankəndini də vura bilirik, Şuşanı
da – düşməndə olan torpaqların hər nöqtəsinə zərbə endirə bilərik.
Düşmənin yalnız "İsgəndər”i var. Hərçənd heç onun da ona məxsus
olub-olmaması bəlli deyil. Düşmən ordusunun ondan istifadə etməyi
bacarıb-bacarmaması da ayrı sualdır. Amma düşmən elə sürpriz silahlarla
qarşılaşacaq, Azərbaycanın elə gücü ilə qarşılaşacaq ki, inanın, o həmin
ağıllı adamlar qalxıb nə vaxtsa bu barədə xəbərdarlıq etdiklərini dilə
gətirəcəklər.
Cənab Prezidentin
birinci komandasında onlar tamamilə başqa, sürpriz silahlarla
qarşılaşacaqlar. Onda düşmən artıq nəinki Qarabağdan, İrəvandan da
qaçmağa üz tutacaq. Bunun başqa bir alternativi mövcud deyil.
-
Cənab general, bu gün Qarabağ münaqişəsi çox fərqli mərhələyə qədəm
qoyub. Ermənistan Rusiyadan aldığı silahları psixoloji olaraq öz
cəmiyyəti daxilində reklam edir və bu kimi vasitələrdən Azərbaycana
qarşı istifadə edir. Ümumiyyətlə, Qarabağda əslində, psixoloji müharibə
anlayışı yaranıb…
- Düşmən ordusu ilə bağlı maraqlı
faktlar var. Onlar üçün utandırıcı haldır ki, bu gün erməni lobbisi
onlara sanitar maşınlar göndərir – köhnə tipli maşınlar - QAZ 66-lar
göndərirlər, sonra da onlar bunu bütün cəmiyyətə təqdim edərək iddia
edir ki, bizim ordumuzun gücü var. Amma biz artıq bunlardan isdifadə
etmirik. Bizim ordumuz ən müasir vasitələrlə təchiz edilib. Bu gün onlar
10-20 ədəd avtomobil texnikası almaqla bunu bütün Ermənistana reklam
edirlər ki, ordumuz güclənir.
Düşmən
bizim hansı gücə, hansı silahlara malik olduğumuzu da bilir. Sadəcə
düşmənin rəhbərliyi xalqı sakitləşdirmək üçün bu siyasəti həyata
keçirmək məcburiyyətindədir, hərçənd heç bu da həmişə uğurlu olmur.
Gəlin
adi bir faktı götürək. Azərbaycanda hərbi xidmətə hərbçinin yola
salındığı hər evdə toy-bayram olur. Lakin Ermənistanda bütün analar,
bütün valideynlər uşaqlarını ordudan yayındırmağa çalışırlar. Heç kim
övladının gedib Qarabağda xidmət etməsini istəmir. Ya xidmətə qədər
əsgəri aradan çıxarırlar, ya da xidmətdən sonra hansı yolla olur olsun,
onu Ermənistandan uzaqlaşdırırlar. Çünki bilirlər, gec-tez Azərbaycan
ordusu öz sözünü deyəcək. Azərbaycan ordusu onları Qarabağda başqasının
torpağında qurduqları evlərində qarşılayacaq. Bu, reallıqdır.
-
Mən şəxsən sizin Lələtəpə istiqamətində tankın üzərinə çıxmaqla ordunu
irəliyə apardığınızı eşitmişəm. Bəs gələcək əməliyyatlarda hansı
ruhlandırıcı tədbirlər görməyi fikirləşirsiniz? Sirr deyil ki, həmin
anda sizin tankın üzərində ordunu döyüşə aparmağınız həm sıravi əsgəri,
həm də zabitləri daha da ruhlandırıb. Bu, qürurverici addımdır.
-
Bu bir qədər də bizim 25 il böyük həsrətlə müharibə gözləməyimizlə
bağlıdır. Müharibənin başlaması ilə mən və tabeliyimdə olan bütün
əsgərlər üçün çoxdandır gözlədiyimiz anın yetişdiyini anladıq. Biz həmin
anda torpağı işğaldan azad etmək, düşməni məhv etmək barədə düşünürdük.
Çünki biz artıq canımızı dişimizə tutmuşduq. Səbrsizliklə bu
anı gözləyirdik. Bu, illərin həsrəti idi. Sevindiricidir ki, biz bunu
edirik. Əlbəttə, əsgər öz komandirini yanında görəndə daha da ruhlanır,
daha da urəklənir.
Sizi əmin edirəm, növbəti döyüşlərdə bizim
zabitlər daha böyük qəhrəmanlıqlar nümayiş etdirəcəklər. Azərbaycan
Ordusu bu gün elə bir səviyyədədir ki, hər bir əsgər birbaşa Cənab Prezidentin,
Müdafiə nazirinin ona qayğısını görür, hiss edir. Əsgərlər unutmurlar
ki, hətta şəhid olsalar belə, onların qiyməti var, dəyəri var,
Azərbaycan üçün onların gələcəyi var. Ona görə də əsgərlər bizə inanır,
biz isə əsgərlərimizə inanırıq və hamımız birlikdə Cənab Prezidentə və müdafiə nazirinə inanırıq.
Birinci
komanda ilə döyüş tapşırığını yerinə yetirməyə hazırıq. Biz
şəhidlərimizin qisasını almalıyıq. Bu qanlar yerdə qalmamalıdır.
Torpaqlarımızı işğaldan azad edəcəyimiz günü görməyə ümidvarıq.
Belə
deyək, ünvanladığınız bütün sualların cavabı o anlardadır. Bu gün
düşmən hakimiyyətində olan mafiya nümayəndələri imkan vermirlər ki,
Azərbaycan öz torpaqlarını azad edib, azad, firavan yaşasın. Biz bunu
qısa bir vaxtda həyata keçirəcəyik. Bundan əminəm. Əsgərlərimizin də,
zabitlərimizin də, komandirlərmizin də psixoloji hazırlığı yüksəkdir.
Hətta cəmiyyət belə bu gün ordunu o qədər sevir, o qədər orduya yaxındır
ki, biz onlardan daima mənəvi dəstək alırıq.