Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də "Boeing
Commmercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru
Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə "Boing” şirkəti
arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini və bu
şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarənin Azərbaycan mülki
aviasiyası tərəfindən alındığını vurğuladı.
Ölkəmizin hazırda çox müasir və keyfiyyətli hava donanmasına malik olduğunu qeyd edən Prezident İlham Əliyev
bildirdi ki, Azərbaycan Hava Yollarının çox yaxşı reputasiyası var.
Dövlətimizin başçısı Azərbaycanın artıq beynəlxalq nəqliyyat qovşağına
çevrilməkdə olduğunu dedi. Prezident İlham Əliyev
Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində böyük nailiyyətlərin
əldə edildiyini bildirərək, son illər ölkəmizdə 6-sı beynəlxalq aeroport
olmaqla 7 yeni aeroportun inşa edildiyini, ən müasir səviyyədə
yükdaşıma və nəqliyyat təyyarələrin fəaliyyət göstərdiyini vurğuladı.
Eyni zamanda, Prezident İlham Əliyev
Azərbaycanda bütün növ müasir gəmilər istehsal edən gəmiqayırma zavodu,
müasir dəmir yolu infrastrukturu yaradıldığını və avtomobil yollarının
inşa edildiyini dedi. Dövlətimizin başçısı yüklərin hava
nəqliyyatı vasitəsilə daşınmasına toxunaraq, Azərbaycanın təkcə
regionda deyil, qlobal karqo trafikdə artıq mühüm rol oynadığını
vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın "Boing” şirkəti ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etdi.
Qonaq
Azərbaycanla, o cümlədən AZAL şirkəti ilə əməkdaşlıqdan böyük məmnunluq
hissi duyduğunu dedi və ölkəmizlə çox güclü əməkdaşlığın həyata
keçirildiyini vurğuladı. O, "Boing” şirkəti adından Azərbaycanın gələcək
inkişafına böyük inamla yanaşdıqlarını bildirərək, əlaqələrimizin
bundan sonra daha da genişlənəcəyinə əminliyi ifadə etdi.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin bir çox sahələri əhatə etdiyi bildirildi və əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı.