ATƏT-in Minsk Qrupu
həmsədrlərinin Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Krakov
görüşünə dair yaydığı bəyanatda vurğulanır ki, nazirlər prinsipcə
ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair
həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar.
XəzərXəbər xəbər verir ki, bunu "Novosti Armeniya”ya müsahibəsində ATƏT
sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik deyib. Onun sözlərinə görə,
tərəflər tez bir zamanda sənəd üzərində işlərin yekunlaşdırılmasına dair
arzularını ifadə ediblər.
Kaspişik işlərin nə vaxta yekunlaşacağı barədə suala cavab verib. Bildirib ki, ATƏT-in
Minsk Qrupunun həlli ilə məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndənin
ofisinin genişləndirilməsi prinsipi Ermənistan və Azərbaycan
prezidentlərinin 2016-cı ildə Vyana və Sankt-Peterburqda ən yüksək səviyyədə keçilən görüşləri zamanı qəbul olunub.
"Mənim
mandatımın məqsədi tərəflərə inamın artırılması üzrə qərarların
qəbulunda dəstəyin göstərilməsidir. Mən prezidentlərin qərarını
dəstəkləyirəm və bu təşəbbüsün konstruktiv məcrada inkişafına yardım
etmək üçün ATƏT sədri, həmsədrlər və tərəflərlə müntəzəm əlaqə saxlamağa davam edirəm".
Kaspişik
rəhbərlik etdiyi komandanın fəaliyyətinin necə formalaşacağına aydınlıq
gətirib. O, vurğulayıb ki, genişləndirilmiş qrupda bır sıra beynəlxalq
əməkdaşlar olacaq. Əlavə əməkdaşlar şəxsi nümayəndənin səhra
köməkçilərinin işlərini yerinə yetirəcəklər.
"Həyata keçirilən
monitorinqlərin tezliyi, onların keçirilmə müddəti dəyişiləcəkmi"
sualına gəlincə, Kaspişik qeyd edib ki, əlavə personalın olması şəxsi
nümayəndənin ofisi tərəfindən monitorinqin keçirilmə tezliyinin
artırılması üçün potensial yaradacaq.