"Fransa Xarici İşlər
Nazirliyindən olan həmkarlarımızı Ermənistan və Fransada olan erməni
lobbi dairələrinin dizinformasiya və propoqandasına uymamağı tövsiyə
edirik"
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri
Hikmət Hacıyev Fransa Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına
münasibət bildirərkən deyib.
XİN rəsmisi qeyd edib ki, digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda
gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan
ərazilərinin hərbi işğalını davam etdirməsidir. Ermənistan ərazisində və
işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq
azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində
90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb.
"Ermənistan BMT
Təhlükəsizlik Şurasının məlum qətnamələrinin qoşunlarının Azərbaycanın
işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasına, məcburi
köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsinə dair
tələblərini hələ də yerinə yetirmir. Azərbaycan Prezidentinin azərbaycanlıların beynəlxalq sənədlərdə və BMT
TŞ-nın qətnamələrində təsbit olunduğu kimi, sülh şəraitində öz tarixi
torpaqlarına qayıtması barədə açıqlaması münaqişənin həlli prosesinin
vacib humanitar prinsiplərindən biridir.
Münaqişənin həlli üzrə danışıqlar getdiyi halda, ATƏT-in Minsk qrupunun həmsədri və BMT
Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanı və digər həmsədrləri
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin anneksiyası
məqsədilə həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən ərazinin
demoqrafik tərkibinin dəyişdirilməsi və Azərbaycan xalqının maddi-mədəni
və dini irsinin məhv edilməsi halları ciddi narahat etməlidir.
Bu xüsusda ciddi narahatlıq doğuran məqamlardan biri də Fransanın XİN və Daxili İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk qrupunun
həmsədri kimi Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının
qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin
nümayəndələrinin Şenqen viza qaydalarının tələblərini pozaraq Fransa
ərazisinə daxil olmaları və propaqanda ilə məşğul olmalarıdır.
Həmçinin, Fransa tərəfini Ermənistan prezidenti Serj Sargisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
aqressiv separatizmin 30 illiyi ilə əlaqədar qondarma rejimə
ünvanlandığı 20 fevral tarixli təbrikinə diqqət yetirməyə çağırırıq.
Ermənistan prezidenti Azərbaycana qarşı terror, aqressiv separatizm,
işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma
rejimi nailiyyət kimi təqdim edir və Azərbaycanın suveren ərazilərinin
anneksiyasına çağırır. Hesab edirik ki, beynəlxalq terrorizmdən əziyyət
çəkən Fransanı Ermənistan prezidentinin bu təbirik məktubunda Fransa
ərazisində də qanlı terror törədən və günahsız Fransa vətəndaşlarını
qətlə yetirən terrorist Monte Melkonyandan qəhrəman kimi iqtibas
gətirilməsi ciddi narahat etməlidir.
Fürsətdən istifadə edərək,
Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı Ermənistan və
Fransada olan erməni lobbi dairələrinin dizinformasiya və propoqandasına
uymamağı tövsiyə edirik"- deyə XİN-in yaydığı məlumatda qeyd edilib.