Azərbaycan Respublikası
Prezidentinin 20 fevral 2018-ci il tarixli fərman və sərəncamları ilə
müvafiq kateqoriyalardan olan daha 23,1 min nəfərə ödənilən Prezident
təqaüdünün məbləği artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
XəzərXəbər-ə verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
20 fevral 2018-ci il tarixli fərman və sərəncamları Azərbaycanın Milli
Qəhrəmanı adı verilmiş şəxslərin, Böyük Vətən müharibəsində iştirak
etmiş bəzi kateqoriyalardan olan insanların, Əfqanıstanda sovet
qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan
hərbi qulluqçuların ailələrinin və ümumi səbəblərdən I qrup əlillərin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlərin davam
etdirilməsinə imkan verir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial
müdafiəsinin gücləndirilməsi və "Azərbaycanın Milli Qəhrəmanı adı
verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanında dəyişiklik edilməsi
barədə” 20 fevral 2018-ci il tarixli Fərmanı Azərbaycanın Milli
Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən artırılaraq 1500
manat müəyyən edilməsini nəzərdə tutur. Fərmana əsasən, müvafiq artımın
edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 360 min manat əlavə
vəsait ayrılacaq.
Dövlət başçısının "1941-1945-ci illər Böyük
Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə
Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamı
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya
müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin
müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın
müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı
ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla)
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 29,5 min manat əlavə vəsaitin ayrılması təmin ediləcək.
"Əlillik
ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə
xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar,
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I
qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli
Sərəncamın şamil olunacağı şəxslərin sayı isə 22,6 min nəfər təşkil
edir. Onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 1,5 milyon manat əlavə vəsait ayrılacaq.
Azərbaycan Respublikası Prezidentinin
"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə
yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan
edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamı
isə 61 nəfərə şamil olunacaq. Sərəncamla müvafiq artımın edilməsi
məqsədilə dövlət büdcəsindən ilin sonunadək 12,2 min manat əlavə
vəsaitin ayrılması təmin olunacaq.
Qeyd olunan Fərman və
Sərəncamlar ümumilikdə 01 yanvar 2018-ci il tarixə olan göstəricilər
nəzərə alınmaqla 23082 nəfər şəxsə şamil olunacaq və onlara Azərbaycan
Respublikası Prezidentinin
təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq
əlavə vəsait 1,9 milyon manat təşkil edəcək. Həmin sənədlərin icrasının
vaxtında və tam şəkildə təmin olunması istiqamətində Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər görüləcək.