Mərkəzi Seçki Komissiyası (MSK) daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
XəzərXəbər-in məlumatına görə, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul olunub.
MSK Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Azərbaycan
Respublikası prezidentliyinə namizədliyi irəli sürülən Qüdrət Müzəffər
oğlu Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli
sürülmüş Asif Rasim oğlu Məmmədovun, prezidentliyə namizədliyi Milli
Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu
Quliyevin, prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu”
tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin, prezidentliyə
namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənovun,
prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası
tərəfindən irəli sürülmüş Araz Məmməd oğlu Əlizadənin, prezidentliyə
namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Daha sonra prezidentliyə namizədliyi irəli sürülən şəxslərin səlahiyyətli nümayəndələri qeydə alınıb.
İclasda
bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayı
təmsilçilik normalarına uyğunlaşdırılıb, həmçinin bəzi dairə seçki
komissiyalarının tərkibində dəyişiklik edilib.
Qeyd edək ki, MSK
bundan öncə prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası
tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin, prezidentliyə
namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal
Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev,
namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü
tərəfindən irəli sürülmüş Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.