"Rusiya Xarici İşlər
Nazirliyinin nümayəndəsinin fevralın 15-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Vl Qurultayında
səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla
qarşılandı. Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq
münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət
başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab
etmirik".
XəzərXəbər-in məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikrilərini şərh edərkən deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına,
regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin
aradan qaldırılmasına xidmət edir.
"Azərbaycan Prezidenti
Yeni Azərbaycan Partiyasının Vl Qurultayında Azərbaycanın tarixi
torpaqlarının qaytarılması deyil, azərbaycanlıların öz tarixi
torpaqlarına qayıtması məsələsi barədə danışıb. Dövlət başçısının çıxışı
müxtəlif dillərində, o cümlədən rus dilində tam tərcüməsi ilə kütləvi
informasiya vasitələrində yayılıb.
Tarixin müxtəlif
mərhələlərində, o cümlədən də keçən əsrin 80-ci illərinin sonlarında
azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorakılıqla qovulması,
Ermənistan ərazisində köklü Azərbaycan xalqına məxsus maddi-mədəni irsin
talan və məhv edilməsi tarixi faktlardır və sənədlərlə təsbit olunub.
Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir? BMT başda olmaqla, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in
müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində
insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının
təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik
təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının öz tarixi
torpaqlarına qayıtmasının təmin olunmasıdır.
Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi
və ətraf yeddi rayonunun işğalını davam etdirməsi, Azərbaycana və digər
qonşu dövlətlərə qarşı ərazi iddiaları regional sülh və təhlükəsizliyi
ciddi şəkildə təhdid edir və vəziyyətin gərginləşməsinə xidmət edir.
Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan
olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində
yerləşdirir. Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında
Naxçıvana və digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni
gəncləri qarşısında çıxış edərək "böyük Ermənistan” xülyası naminə
onların yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak
etməli olduğunu deyir. Ermənistanın konstitusiyasında digər qonşu
dövlətə qarşı açıq ərazi iddiaları öz əksini tapıb. Bununla bərabər,
ziddiyyətli "Armenian Highland” (Армя́нское наго́рье) mifik ideologiyası
əsasında Ermənistanın bütün qonşularına qarşı ərazi iddiaları vardır.
Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq
bilinməli, konteksdən çıxarılmamalı və Ermənistan kütləvi informasiya
vasitələri və siyasətçilərinin məqsədyönlü təhrifləri və
dezinformasiyasına deyil, bilavasitə ilkin autentik mənbəyə istinad
edilməlidir", - deyə XİN sözçüsü vurğulayıb.