Fevralın 15-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş
nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri
Kumsişvili ilə görüşüb.
XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirdi. Prezident İlham Əliyev
qeyd etdi ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil,
ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. "Cənub Qaz Dəhlizi”
layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və
tərəfdaşlığının göstəricisidir.
Dövlətimizin başçısı vurğuladı
ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr
həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi
bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.
"Cənub Qaz Dəhlizi” layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən Prezident İlham Əliyev
qeyd etdi ki, istehsalçı və tranzit ölkələr arasında maraqların
uzlaşdırılması çox vacibdir. Biz buna nail olmuşuq və bu, gələcək
uğurlarımızın zəmanətidir.
Gürcüstanın Baş nazirinin birinci
müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Baş
nazir Giorgi Kvirikaşvilinin salamlarını Prezident İlham Əliyevə
çatdırdı. Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayan qonaq
Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş
yerinin açıldığını dedi.
Dmitri Kumsişvili vurğuladı ki,
Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata
keçirirlər. Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə
və Avropa üçün böyük əhəmiyyətə malikdir.
Dövlətimizin
başçısı Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə
çatdırmağı xahiş etdi.