"Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən biridir".
Bunu Mərkəzi Seçki
Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil
etdiyi seminar-müşavirədə "Azərbaycan Respublikası prezidentinin
seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət
istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc
Zalov deyib.
O. Zalov bildirib ki, seçki günü seçicilərin iradəsini azad
ifadə etmələri üçün DİN Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib:
"Həmin Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara
başlanıb. Seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar
müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Bu gün
insanların böyük əksəriyyəti böyük şəhərlərə miqrasiya edir, burada
yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki, yaşadığı yer, yaxud
qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın. Bu işlər qısa müddətdə
başa çatacaq. Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai
təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra
razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki
bülletenləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr
ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi
zamanı da mühafizə təmin olunacaq"./apa