Xəzər Xəbər

Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə əməkdaşlıq Rusiya ilə dostluq əlaqələrimizə təsir etmir"

Gündəm | 12:11 • 14 Fevral 2018
Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə əməkdaşlıq Rusiya ilə dostluq əlaqələrimizə təsir etmir"

"Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi bu ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəlinə planlaşdırılır".

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti"yə müsahibəsində deyib. O bildirib ki, bu sənəd Aİ ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafı üçün çərçivə rolunu oynayacaq: "Sənəd siyasi, iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdə tutur”.

Nazir Aİ ilə Azərbaycan arasında viza məsələsinə də toxunaraq deyib ki, hazırda bu məsələ viza rejiminin sadələşdirilməsi və readmissiya sazişinə görə tənzimlənir: "Biz hesab edirik ki, bu saziş əsasında əldə edilmiş nailiyyətlər viza rejiminin liberallaşdırılması sahəsində də yeni imkanlar açır”.

E. Məmmədyarov qeyd edib ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq Rusiya ilə dostluq əlaqələrinə təsir etmir: "Bizim hər hansı əməkdaşlıq layihəsində iştirakımız digər tərəfdaşların maraqlarına zidd ola bilməz. Belə bir məqsəd və ya niyyət yoxdur. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Avropa İtifaqı ilə əlaqələrə təsir etmədiyi kimi, Aİ ilə də əlaqələrimiz Rusiya ilə Azərbaycan arasında strateji əhəmiyyət daşıyan dostluq münasibətlərinə təsir etmir”.

Xəbər lenti