"Azərbaycan həm
iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib. Ölkəmizdə
həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrin iştirakı ilə mühüm
beynəlxalq tədbirlər keçirilir. Azərbaycan regionun mühüm enerji
mərkəzinə çevrilməkdədir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən
qlobal enerji layihələrinə çoxmilyardlı investisiyalar qoyulub”.
XəzərXəbər xəbər verir ki bunu prezident İlham Əliyev
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib. Azərbaycanın
regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən Prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya
və əks istiqamətdə daşındığını bildirdi. Azərbaycanın əlverişli coğrafi
mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın
qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm
mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət
mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda
önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən
dövlətimizin başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin
həyata keçiriləcəyini bildirdi.
Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən Prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda
deyil, regionlarda da inkişaf etdiyini vurğuladı. Bildirdi ki, 2016-cı
ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz
və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. Bu baxımdan
Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər
üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı
imkanlar var.
Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev
bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan
"Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihənin təşəbbüskarı,
həmçinin lideridir və bu yaxınlarda Bakıda
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü
olacaq. "Azərbaycanın enerji layihələri təkcə "Şahdəniz-2” ilə
məhdudlaşmır”, - deyən Prezident İlham Əliyev
yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə
danışıqların aktiv fazaya daxil olduğunu diqqətə çatdırdı. Bununla da
Azərbaycanda neft və təbii qaz hasilatının sabit qalacağını və gələcəkdə
daha da artacağını vurğuladı.
"Azəri-Çıraq-Günəşli”
yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci
ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı
bildirdi ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın
dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini
həyata keçirəcəyini göstərir. Bütün bunlar isə əhalinin rifah halının
yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının güclənməsinə və
tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyev
peşə hazırlığının Azərbaycanda təhsilin mühüm istiqamətlərindən
olduğunu deyərək ümumilikdə təhsil sisteminin ölkədə ən mühüm
prioritetlərdən birinə çevrildiyini vurğuladı. Azərbaycanda savadlılıq
səviyyəsinin demək olar ki, 100 faiz olduğunu deyən dövlətimizin başçısı
bunun ölkənin inkişafı üçün bir təməl olduğunu bildirdi. Qeyd etdi ki,
ölkəmizdə iqtisadi, sənaye və digər sahələrdə böyük nailiyyətlərin əldə
edildiyi bir dövrdə peşə hazırlığı heç vaxt olmadığı qədər önəm kəsb
edir. Bu baxımdan Azərbaycan peşə hazırlığı sahəsində əməkdaşlığın
həyata keçirilməsini dəstəkləyir və bununla bağlı müvafiq qurumlar
arasında əlaqələndirmənin həyata keçirilməsi vacibdir. Bu baxımdan
Azərbaycanın bir sıra ölkələrlə beynəlxalq əməkdaşlıq həyata keçirdiyini
deyən Prezident İlham Əliyev
bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə
etdi. Ölkədə iqtisadi, o cümlədən enerji, infrastruktur, xidmət, turizm
sahələrinin və digər sahələrin inkişafının ixtisaslı kadrların
yetişdirilməsini və texniki heyətin hazırlanmasını zəruri etdiyini
bildirdi.