Xəzər Xəbər

“Alğı-satqı” sözü yenidən gündəmə gəldi

Gündəm | 15:55 • 13 Fevral 2018
“Alğı-satqı” sözü yenidən gündəmə gəldi

Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova danışdı

"Alqı-satqı” sözünün "alğı-satqı” formasında yazılması qaydalara görə doğrudur”.

XəzərXəbər-in "Report”a istinadən məlumatına görə, bunu Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib.

O bildirib ki, hər hansı bir sözün, yaxud sözün dəyişilmiş variantının qəbul edilib-edilməməsi onun dildə işləklik qazanmasından asılıdır: "90-cı illərdə "bilgisayar” sözü ilə yanaşı "kompüter” sözü də işlənməyə başlandı. Ancaq beynəlxalq termin olan "kompüter” işləklik qazandı. Bu baxımdan, layihədə diqqəti daha çox cəlb edən məsələlərdən biri müəyyən sözlərin yaddaşlarda möhkəmləndiyinə görə onlara olan baxışın dəyişilməsi, haqlı olaraq, bir çox suallar doğurur”.

S.Sadıqovanın sözlərinə görə, mürəkkəb sözlərin yazılış qaydalarında verilən "alğı-satqı” sözünün yazılışı da mübahisə doğurur: "Çal” feilindən "-ğı” şəkilçisi vasitəsilə "çalğı” ismi düzəldilir və buna heç kimin etirazı yoxdur. "-ğı” dörd cür yazılan şəkilçidir, kar və ya cingiltili samitdən sonra gəlməsindən asılı olaraq, iki qrupda tətbiq edilir: kar samit qarşısında "-qı, -ki, -qu, -kü”, cingiltili samit qarşısında "-ğı, -gi, -ğu, -gü” variantı işlədilir. "Çal” feilinin son samiti "l” cingiltili olduğu üçün məhz "-ğı” variantı seçilib. "Al” feili də "l” samiti ilə bitir və deməli, həmin məqamda bu sözə də eyni şəkilçi artırılması qeyd edilir. Onu da qeyd edim ki, 1960-cı il Orfoqrafiya lüğətində bu söz "alğı-satqı” formasında yazılıb. Yəni konkret olaraq "al” söz kökünə "ğı” şəkilçisi artırılıb. Həmin söz Orfoqrafiya lüğətinin 2004-cü il nəşrinə daxil edilməyib. Lüğətin 2013-cü il nəşrində isə yeni variant "alqı-satqı” forması meydana çıxıb. Layihədə isə 1960-cı il variantına qayıdılaraq 43-cü maddədə "alğı-satqı” kimi yazılıb. Göründüyü kimi, sözün tarixi mənzərəsi də müəyyən çətinliyin mövcudluğunu nəzərə çarpdırır. Bəs yeni layihə müəllifləri bu sözdən yan keçə bilməzdilərmi? Əlbəttə, yan keçə bilərdilər: ya əvvəlki variantı saxlayardılar, ya da müzakirəyə çıxarmadan həmin sözü lüğətin nəşrində sakitcə kənara qoya bilərdilər. Amma mövcud lüğətdə işləndiyi kimi "alqı-satqı” sözünün yeni iqtisadi münasibətlər sistemində xüsusi yerinin olması layihə müəlliflərinin müəyyən mövqe tutmasının əsasını təşkil edir: alğı-satqı. Həqiqət ondan ibarətdir ki, sözün al(maq) kökü cingiltili samitlə qurtardığına görə ona [ğı] şəkilçisi, sözün sat(maq) kökü kar samitlə qurtardığına görə ona [qı] şəkilçisi artırılıb. Müqayisə et: vurğu, durğu; yaxud: qatqı, basqı. Nəzərə almaq lazımdır ki, bu sözlər düzəltmə, alqı-satqı isə mürəkkəb sözdür”.

Sədr müavini qeyd edib ki, mürəkkəb sözün birinci tərəfi ikinci tərəfin tələbi ilə alğı yox, alqı kimi yazılmasını tələb edir: "Bu söz həm də iqtisadiyyat terminidir. Terminologiya Komissiyasının qərarı ilə 2005-ci ildə "İzahlı iqtisadi terminlər lüğəti” nəşr olunub. Həmin lüğətdə termin "alqı-satqı” kimi yazılıb və "bir tərəfin (satıcının) əmtəəni satması, digər tərəfin isə əmtəəni alması haqqında müqavilə; əmtəələrin bazarda alqısı və satqısı prosesi kimi izah edilib. Bununla yanaşı, "alqı-satqı sifarişi”, "alqı opsionu”, "alqı ilə heçinq”, "alqı-satqı müqaviləsi” kimi bir sıra terminlər də g ilə deyil, q ilə yazılıb”.

Xəbər lenti