XəzərXəbər xəbər verir ki, tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə etdilər. 24-27 sentyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin və 6 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci ilin may ayının 22-də və Papa Fransiskin 2016-cı il oktyabr ayının 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusilə qeyd olunub.
Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin
nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirən
nazir Elmar Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri
əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və
multikulturalizm ideyalarını təşviq etdiyini diqqətə çatdırıb. Bu
xüsusda, ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və
Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti
vurğulanıb.
Ölkəmizdə olmasından məmnunluğunu bildirən P.R.Qalaqer Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul
olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını
bildirdi. Azərbaycanda katolik icmasına göstərilə dəstək və qayğıya görə
öz təşəkkürünü bildirən arxiyepiskop ölkəmizdə tolerantlıq səviyyəsini
və digər dini icmalara hörməti yüksək qiymətləndirib.
2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunduğunu
bildirən nazir Elmar Məmmədyarov Qafqaz Müsəlmanları İdarəsi və Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "2017 -
İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda
beynəlxalq konfransın keçirildiyini və Vatikan nümayəndəsinin sözügedən
konfransda iştirakını təqdirəlayiq bir hal kimi qiymətləndirib.
Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev
Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən
tərəflər bu sahədə əməkdaşlığın daha da inkişafında Azərbaycan
Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın
müstəsna rolunu qeyd etdilər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə
Vatikanda bir sıra tarixi abidələrin, ələlxüsus katakombaların bərpası
məsələsi yüksək qiymətləndirilib.
Ölkəmizin orta əsr tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda
qiymətli sənədlərin mövcud olduğunu xatırladan nazir Elmar Məmmədyarov
sözügedən yazıların üzrə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana
öz dərin təşəkkürünü bildirdi və bu sahədə əməkdaşlığın davam
etdirilməsinin vacibliyini vurğulanıb.
Görüş əsnasında nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın
haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal
olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin
talan və məhv edilməsi siyasəti haqqında məlumat verdi. Habelə,
Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların
qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində
yerləşdirilməsinə toxunan nazir Elmar Məmmədyarov bildirdi ki, işğal
olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü
şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar
hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı
nəticəsində bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz
qaldığını diqqətə çatdırıb.
Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini
zəmində nifrət meylləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə
münasibətdə qarşılıqlı narahatlıq ifadə edilib.
Həmçinin, tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı,
yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında
fikir mübadiləsi aparıblar.