Bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur.
XəzərXəbər-in məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Bütün planlarımızı həyata keçirmək üçün
iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə
addımlar atılacaq. Deyə bilərəm ki, son iki il ərzində çox ciddi
iqtisadi islahatlar aparılmışdır. Əvvəlki illərdə də aparılmışdır. Ancaq
son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılmışdır.
Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin
kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək
və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır.
Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi
suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi
neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara
təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla
aparmayacaqsınız. Qətiyyən belə deyil.
Mən bir daha demək
istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta
ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə
işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək
iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft
sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da
öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da
təbiidir".
İlham Əliyev
bildirib ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu
amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və
aparılacaq islahatlar müəyyən edəcək: "Ona görə iqtisadiyyatın
şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana
gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan
istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır. Deyə bilərəm
ki, bu siyasət artıq öz nəticəsini vermişdir. Keçən ilin iqtisadi
göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. Qeyri-neft
sektorumuz, iqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə
qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz,
valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır. Bu ilin yanvar
ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm.
Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli
inkişaf ili olacaqdır.
Beləliklə, yanvar ayında Azərbaycanda
ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz,
sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7
faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri
11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə
üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard
dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil
edir. İlin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili
olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək".
Prezident
vurğulayıb ki, kənd təsərrüfatında, sənaye sahəsində indi həyata
keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək.