"Keçən ilin noyabrında
biz partiyamızın 25 illik yubileyini qeyd etmişik. Bu 25 il ərzində
partiyamız uğurlu və şərəfli yol keçmişdir".
XəzərXəbər-in xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Prezident İlham Əliyev
deyib. O bildirib ki, bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan
Partiyası qələbə qazanıb və bu 25 il qələbələr salnaməsidir: "1992-ci
ildə ulu öndər Heydər Əliyevin
sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı
tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə
mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt
partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız
yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi.
Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək
olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt
hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü
ölkəmizi uçuruma aparırdı.
Azərbaycanda iqtisadi tənəzzül,
sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da
hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə
bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın
yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz
yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan
ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş
hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir.
Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev
hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat
cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz
silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli
vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası
bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə
Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi
islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və
ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı. Bir sözlə,
1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və
inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olmuşdur. Çünki sabitlik
olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Məhz o illərdə - Ulu
Öndər hakimiyyətə gələndən bir il sonra "Əsrin kontraktı” imzalanmışdır.
Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna
rol oynayan kontraktdır. Keçən ilin sentyabrında Ulu Öndərin adını
daşıyan bu möhtəşəm Heydər Əliyev
Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərar
verildi. Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq
yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcək".
"Biz
indi nəhəng enerji layihələrini icra edirik. Bu da qarşıda duran əsas
vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil
verməliyik, bunu edəcəyik” deyən İlham Əliyev
bildirib ki, bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm
beynəlxalq banklar tərəfindən. "Müəyyən yubanmalar olmuşdur, onlar da
aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa
üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz
liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7
ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin
altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk.
"Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da
deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin
edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı
üçün əsas resurs bazasıdır”,-dövlət başçısı vurğulayıb.