Xəzər Xəbər

Zəyəmçay hövzəsinin qonur dağ-meşə torpaqlarında eroziya prosesi surətlənib

Gündəm | 15:42 • 8 Fevral 2018
Zəyəmçay hövzəsinin qonur dağ-meşə torpaqlarında eroziya prosesi surətlənib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədovun "Zəyəmçay hövzəsində qonur dağ-meşə torpaqlarının müasir vəziyyəti” mövzusunda məruzəsi dinlənilib.

İnstitutdan bildirilib ki, tədqiqatçı çıxışında Zəyəmçay hövzəsinin qonur dağ-meşə torpaqlarında son 50-60 ildə qonur dağ-meşə torpaqlarında antropogen təsirin çoxalması ilə əlaqədar eroziya prosesinin surətləndiyini, nəticədə torpağın genetik qatlarının pozulduğunu, qida maddələrinin, o cümlədən humusun miqdarı və ehtiyatının 20-25 faiz azaldığını deyib.

M.Məmmədov bildirib ki, Zəyəmçay hövzəsində ən çox antropogen deqradasiyaya məruz qalan torpaqlar yuyulmuş və bozqırlaşmış dağ-meşə qəhvəyi torpaqlardır. Bu torpaqlardan kənd təsərrüfatı məqsədi üçün istifadə olunduğundan onların təbii morfogenetik xüsusiyyətləri pozulmaqla yanaşı, həm də bir çox parametrləri təbii vəziyyətinə nisbətən çox dəyişib. Qeyd edilib ki, dağ-meşə qəhvəyi torpaqlar zonasında son illər əhalinin təbii qaz yanacağı ilə təmin olunması insanın ətraf təbiətə təsirini azaldıb. Bunlar meşə və çöl ekosistemində bitkilərin təbii bərpası ilə özünü göstərir. Bu proses davamlı olarsa, yaxın gələcəkdə torpaq örtüyünün bərpası və yaxşılaşması ilə nəticələnə bilər.

Sonra akademik Ramiz Məmmədov Coğrafiya İnstitutunda hər həftənin çərşənbə günü keçirilən elmi seminarların əhəmiyyətindən danışıb. Akademik bildirib ki, elmi seminar bir çox cəhətdən elmi-tədqiqat institutunun siması, səviyyəsinin göstəricisidir. Tədqiqatlar apararkən onların nəticələrini müzakirə etmək, nəzəri fikirləri, mülahizələri yoxlamaq, tənqidləri eşitmək vacibdir. Bu, seminarın əsas funksiyalarından biridir. Digər funksiyası isə gələcəkdə reallaşa biləcək maraqlı müştərək tədqiqat layihələrinin tapılması və üzə çıxarılmasıdır.

Xəbər lenti