Naxçıvan Muxtar
Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi əhaliyə xəbərdarlıq
edib ki, 6 fevral 2018-ci il tarixindən etibarən bir çox ölkələrdə
android əməliyyat sistemi olan qurğulara DressCode troyanı virusu zərbə
vurmağa başlayıb.
XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni
Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi məlumat
yayıb.
Məlumatda bildirilib ki, android əməliyyat sistemi olan
qurğularda işləyən və əsas fəaliyyəti qorunan şəbəkələrdən
istifadəçilərə məxsus məlumatların oğurlanması olan DressCode troyanı
2016-cı ildə tədqiqatçılar tərəfindən aşkar edilib. "Google” şirkəti isə
bu məsələyə dərhal reaksiya verərək tərkibində zərərverici kodu olan
yoluxmuş tətbiqetmələri Play Marketdən kənarlaşdırıb. Lakin insidentin
üzərindən 16 ay keçməsinə baxmayaraq, DressCode troyanının silinmədiyi
və fəaliyyətini davam etdirdiyi məlum olub.
Mütəxəssislər hesab
edirlər ki, "Google”in həyata keçirdiyi tədbirlərə baxmayaraq, hazırda
virus tam olaraq 4 milyon qurğunu yoluxdura bilib. O, xakerlərin
serverlərinə qoşulması üçün telefonu SOCKS protokolundan istifadə etməyə
məcbur edir və bununla da, nəinki yoluxmuş qurğuya, hətta onun
qoşulduğu şəbəkəyə də giriş əldə edə bilir. DressCode troyanı yoluxmuş
qurğunu konkret İP ünvanlara sorğu göndərməklə robot şəbəkə kimi
istifadə edir. Virus, eyni zamanda onlayn pulqablarına və bank
hesablarına kiberhücumlar həyata keçirir.
Naxçıvan Muxtar
Respublikası Rabitə və Yeni Texnologiylar Nazirliyi yanında Elektron
Təhlükəsizlik Mərkəzi android əməliyyat sistemi olan qurğularda
təhlükədən qorunmaq üçün yerli istifadəçilərə bildirir ki, DressCode
troyanı virusunu aşkar etmək mümkünsüzdür və virusun mövcudluğuna şübhə
yaradacaq yeganə əlamətin akkumulyatorun vaxtından tez bitməsi hesab
olunur. Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə şübhəli görünən
proqramları yükləməməyi, cihaza android əməliyyat sistemi üçün
lisenziyalı antivirus proqramı qurmağı, cihaz düzgün işləmədiyi
təqdirdə, android əməliyyat sistemini silib yenidən yüklənməsini tövsiyə
edir.