Naxçıvan Muxtar
Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən yanvar ayı ərzində
muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud
qanunvericiliyin tələblərini pozmuş 28 əcnəbi aşkarlanıb. Onlardan 24-ü
barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə,
4-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma
qərarı qəbul edilib.
XəzərXəbər-in məlumatına görə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 625 müraciət daxil olub.
Bu
müraciətlərdən 72-si əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata
keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq
mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri
ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə
uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Yanvar
ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 553 müraciət qeydə
alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 234-ü elektron
xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.