Xəzər Xəbər

Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir

Gündəm | 15:40 • 1 Fevral 2018
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir

Müdafiə Nazirliyi gizir hazırlığı kursuna sənəd qəbulu elan edir.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hərbi hissələrə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşadək vətəndaşlar fevralın 5-dən 24-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Müraciət edən vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən olunması məqsədilə nazirliyin Hərbi Həkim Komissiyasına göndəriləcək, yararlı hesab ediləcək şəxslər qəbul imtahanlarına buraxılacaqlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər gizir hazırlığı kursuna qəbul ediləcəklər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla beş il müddətinə müqavilə bağlanacaq və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.

Namizədlər sənədləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına təqdim etməlidirlər. Müraciət üçün tələb edilən sənədlər barədə Müdafiə Nazirliyinin saytında ətraflı məlumat verilib.

Ətraflı məlumatı (012) 538-85-62 telefon nömrəsindən almaq mümkündür.

Məhkumluğu olan hərbi vəzifəlilərin gizir hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.

Xəbər lenti