Xəzər Xəbər

Parisdən göndərilən teleqram və onun doğurduğu böyük sevinc

Gündəm | 12:42 • 1 Fevral 2018
Parisdən göndərilən teleqram və onun doğurduğu böyük sevinc

1920-ci il yanvarın 13-də yenicə fəaliyyətə başlayan Gəncə radiostansiyası Fransanın məşhur Eyfel qülləsinə qoşulmuşdu. Hər kəs böyük həyəcanla oradan eşidiləcək ilk xəbərin həyəcanını yaşayırdı. Çox çəkmədən Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan xalqına müraciət edərək Cümhuriyyətin Paris sülh konfransında tanındığını xəbər verdi. Əlimərdan bəyin bu teleqramından əvvəlcə Gəncə, sonra isə bütün Azərbaycan xəbər tutdu və hər yerdə böyük sevinc yaşandı.


AMEA Gəncə Bölməsinin Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Həsənbala Sadıqov AZƏRTAC-ın bölgə müxbirinə həmin tarixi hadisə və onun doğurduğu əks-səda barədə danışıb.


Həsənbala Sadıqov bildirib ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə böyük nümayəndə heyəti getmişdi. Əsas məqsəd yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətini dünya birliyinə tanıtmaq idi. Bu səylər hədər getmədi. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurasında Azərbaycanın milli müstəqilliyinin tanınması barədə qərar qəbul olundu. Yanvarın 12-də bu mühüm tarixi sənəd onlarca ölkədən nümayəndələrin iştirak etdiyi nüfuzlu toplantıda elan olundu. Bununla da Azərbaycan müstəqil dünya dövlətləri cərgəsinə qoşuldu. Azərbaycan Xalq Cümhuriyyəti isə demokratizm və parlamentarizm ənənəsinə böyük önəm verən ölkə kimi sivil dünya ailəsinin bir üzvünə çevrildi.


Həmin hadisədən bir gün sonra Əlimərdan bəy Topçubaşov müstəqil dövlətimizin bütün dünyaya tanınması xəbərini Parisdən Gəncə radiostansiyası vasitəsilə çatdıraraq, xalqımıza təbrik teleqramı ünvanladı.


Tarix elmləri doktoru qeyd edib ki, həmin günlərdə bu xoş xəbərin Gəncədə əhali, xüsusən ziyalılar arasında necə böyük sevinclə qarşılandığını o dövrün mətbuatından və arxiv sənədlərindən aydın görmək mümkündür. 1920-ci il yanvarın 22-də dövri mətbuatda dərc edilən "Gəncədə İstiqlal bayramı” adlı məqalədə belə yazılmışdı: "Yanvarın 13-də Gəncə şəhərində xəbər yayıldı ki, Azərbaycanın istiqlalı Ali Şura tərəfindən təsdiq edilmişdir. Bu xəbərə görə hər kəs bir-birini təbrik edirdi. Bütün şəhər sevinirdi. Şəhər idarəsi, firqələr, ittifaqlar sabahkı günün hazırlıqları ilə məşğul oldular. Bələdiyyə idarəsi bütün firqə nümayəndələrindən ibarət bir şura dəvət edib, bayramın tərzinə aid məsələləri həll etdi”.


Həmin axşam Gəncədə fövqəladə iclas oldu və səhəri gün keçiriləcək İstiqlal bayramının hazırlıq işləri görüldü.


Bu barədə xəbər verən qəzetlərdən biri həmin günü belə təsvir edirdi: "Yanvarın 14-də Gəncədə çox az görünmüş günlərdən idi. Səhər saat doqquzdan etibarən bəzənmiş küçələrdə izdiham gözə çarpmaqda idi. Dükanlar və küçələr xalılar, bayraqlar ilə bəzənmişdi. Şah Abbas məscidində bayraq sancılmadığı yer qalmamışdı.


"Müsavat”ın, "İttihad”ın və Sənətkarlar İttifaqının dəstələri birinci nitqlərini Şəhidlər məzarında söyləmiş, şəhəri musiqi, davul, zurna ilə dolaşmağa başlamışdılar”.


İstiqlal bayramının təntənəsini bütün təfərrüatı ilə təsvir edən dövri mətbuat həmin gün keçirilən mərasimlərə də geniş yer ayırmışdı: "İstiqlal bayramını bütün mənası ilə dərk edən Gəncə xalqı burada dəfn olunan Osmanlı şəhidlərini ziyarət etdikdən sonra məscidə toplandı. Orada dua etdikdən sonra Səfikürdlü Ağalar və Gəncə Sənətkarlar İttifaqının sədri Məşədi Yusif Fərəzxanov, "Müsavat” firqəsi tərəfindən Cavad Axundzadə ilə sevgili ədibimiz Köçərli Firidun bəy əfəndi nitq söylədilər.


Saat 12-də bütün dəstələr cavan ordumuzun rəsmi keçidini hürriyət meydanında seyr etdilər. Saat 1-də Gəncə Bələdiyyə idarəsinin fövqəladə iclası oldu. Gəncə valisi Xudadat bəy Rəfibəyli cənabları əvvəl rusca, sonra türkcə hökumət tərəfindən gələn rəsmi teleqrafı oxudu. Bu sevincli teleqraf sürəkli alqışlarla qarşılandı. Axundzadə Cavad, Səfikürdlü Ağalar bəy, Məşədi Yusif Fərəzxanaov, Xuluflu Vəli və möhtərəm Firidun bəy əfəndi tərəfindən coşqun nitqlər söylənildi”.


Həsənbala Sadıqovun sözlərinə görə, bütün gün boyu İstiqlal bayramının şəhərin ayrı-ayrı yerlərində davam etdiyindən xəbər verən dövri mətbuat həmin gün bir sıra xeyriyyə aksiyalarının keçirildiyini, şəhər əhalisinin böyük qürurla ziyarət etdiyi məkanların adını da yazırdı. Yazılmışdı ki, iştirakçılara çay verilib şirniyyat paylanıldı. Qubernator təbrikə gəlmiş heyətləri qəbul etdi. Gecə yarısına qədər şənliklər keçirildi. Bu xoş günün şərəfinə müsəlman xeyriyyə cəmiyyəti Gəncə füqərasına yüz min manat ianə etdi. Gəncə Bələdiyyə idarəsi ikinci Aleksandrın adı qoyulmuş şəhər bağçasına İstiqlal günü adı verdi.

Xəbər lenti