Yanvarın 31-də
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi
ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində
ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş
tərkibdə kollegiya iclası keçirilib.
Kollegiya iclasında çıxış edən komitə sədri Əli Həsənov gündəliyə daxil edilmiş məsələlərin müzakirəsi zamanı əsas diqqəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasındakı və yanvarın 29-da "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan
konfransdakı geniş və proqram xarakterli nitqlərində səsləndirdiyi
müddəalara və qarşıya qoyduğu vəzifələrə yönəldib. Bildirib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və
məqsədyönlü siyasət nəticəsində ötən il ölkəmizin iqtisadi potensialı
daha da güclənib, davamlı inkişaf dinamikası təmin olunub. "Biz gündəlik
yerli və xarici KİV-dən
dünyada baş verən acınacaqlı prosesləri, kütləvi insan tələfatları ilə
nəticələnən qırğınları, müharibələri izləyirik. Hazırda bütün dünyada
iqtisadi və maliyyə böhranı tüğyan edir. Bütün bu proseslərin fonunda
Azərbaycan 2017-ci ili uğurla başa vurdu. Ən əsası dövlətimizin
başçısının da qeyd etdiyi kimi, Azərbaycanda ictimai sabitlik təmin
edilib. Sabitlik olmayan yerdə heç bir iqtisadi inkişafdan söhbət gedə
bilməz. Bu sabitliyin əsas səbəbi də Azərbaycan xalqı və hakimiyyətinin
birliyidir”, - deyə Əli Həsənov bildirib.
Baş nazirin müavini Azərbaycan Prezidentinin
son iclaslardakı çıxışında səsləndirdiyi əsas müddəalara istinad
etməklə ötən il ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial
məsələlərin həllini tapdığını diqqətə çatdırıb, həmçinin dövlətimizin
başçısının rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə qazandığı
nailiyyətlərdən, diplomatik uğurlardan, respublikamızın dünya birliyində
reytinqinin yüksəlməsinə səbəb olan amillərdən ətraflı söhbət açıb.
Dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşının
dayandığını deyən Əli Həsənov
bildirib ki, dünyada hökm sürən qlobal böhran və neftin qiymətinin
aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi çətinliklər yaranmasına
baxmayaraq, müxtəlif istiqamətlər, o cümlədən sosial proqramlar üzrə
nəzərdə tutulmuş bütün layihələr uğurla icra edilib. Son 14 ildə
Azərbaycanda 30 elektrik stansiyası istifadəyə verilib. Ölkə üzrə qaz
təminatı 93 faizə çatdırılıb. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su
ilə təminat 26 faiz idi. Hazırda bu, 67 faizə çatıb, Bakı
şəhərində 81, bölgələrdə isə 43 faizdir. Bu müddət ərzində 12 min 300
kilometr yol çəkilib. İqtisadiyyatımız 3,2 dəfə artıb. Bu müddətdə
qeyri-neft sektoru 2,8 dəfə artıb. Azərbaycan Prezidenti
hər zaman qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb. Məhz
buna görədir ki, dünyada neftin qiymətinin aşağı düşdüyü, iqtisadi,
maliyyə böhranının yaşandığı vaxtlarda Azərbaycan iqtisadiyyatı inkişaf
meyilliliyini saxladı.
Prezident İlham Əliyevin
ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət ayırdığını qeyd edən
Baş nazirin müavini bildirib ki, məhz bunun sayəsində bu gün sahibkarlar
Azərbaycan iqtisadiyyatının inkişafına töhfələrini verirlər.
Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət”in bütün dünyada Azərbaycan brendi kimi tanındığını qeyd edən Əli Həsənov
deyib: "Bu cür model dünyada ilk dəfə Azərbaycanda yaradılıb. Bu gün
dünyanın müxtəlif ölkələrindən gəlib Azərbaycanın bu təcrübəsini
öyrənirlər. Müxtəlif ölkələrdə artıq Azərbaycanın bu modeli tətbiq
olunur”.
Azərbaycanın əldə etdiyi bütün bu uğurların təməlində ümummilli lider Heydər Əliyev
tərəfindən 1994-cü ildə hazırlanan neft strategiyasının dayandığını
qeyd edən komitə sədri bildirib ki, əgər Ulu Öndər tərəfindən
uzaqgörənliklə hazırlanan neft strategiyası olmasaydı, bəlkə də bu gün
qazanılan nailiyyətlərə tam çatmaq mümkün olmazdı. Azərbaycanda daxili
çəkişmələrin getdiyi, sabitliyin olmadığı bir vaxtda dünyanın tanınmış
neft şirkətləri ilə birgə "Əsrin müqaviləsi”nin imzalanması tarixi
hadisədir. Ölkəmizin belə ağır günlərində bu cür böyük şirkətlərin
Azərbaycana sərmayə qoymasının tək səbəbi isə onların Ulu Öndərə olan
inamı idi.
Kollegiya iclasında Baş nazirin müavini bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakına və Forum çərçivəsində "Strateji baxış: Avrasiya” panelindəki
müzakirələrdə çıxışına toxunaraq bildirib ki, dövlətimizin başçısı həm
ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox
mühüm məsələlərlə bağlı konkret fikirlər səsləndirdi və Azərbaycanın
iqtisadi inkişafı, beynəlxalq nüfuzu, ölkəmizdə həyata keçirilən siyasi,
iqtisadi islahatların əhəmiyyəti barədə hərtərəfli məlumat verdi.
Prezident İlham Əliyevin
Azərbaycanın milli maraqlarını hər zaman uca tutduğunu Davosda da bir
daha bəyan etdiyini bildirən Ə.Həsənov deyib ki, Azərbaycan
reallıqlarının Dünya İqtisadi Forumu kimi mötəbər bir tribunadan
səsləndirilməsi müstəsna əhəmiyyətə malik olmaqla, həmçinin ölkəmizin
siyasi iradəsini nümayiş etdirdi. Dövlətimizin başçısının səsləndirdiyi
fikirlər Azərbaycanla bağlı qərəzli məlumat yayanlara tutarlı cavab
oldu. Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu vurğulayan Prezident İlham Əliyev
bu siyasətin milli maraqlarımıza söykəndiyini, ölkəmiz üçün çətinlik
doğura biləcək heç bir riskli məcraya qoşulmadığımızı bəyan etdi.
Azərbaycan Prezidentinin hər il bu mötəbər tədbirdə iştirakı ölkəmizin dünya miqyasında böyük nüfuza malik olduğunun göstəricisidir.
Ötən
il Azərbaycan iqtisadiyyatının rəqabətlilik qabiliyyətinə görə Dünya
İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görüldüyünü, bu yaxınlarda
isə Forumun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr
arasında ölkəmizin üçüncü yerə layiq görüldüyünü məhz bu nüfuzla və
aparılan uğurlu siyasətlə əlaqələndirən Baş nazirin müavini diqqətə
çatdırıb ki, bu gün Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli
modelini formalaşdırıb və bütün bunlar həm də Azərbaycanın beynəlxalq
mövqeyinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əlaqələrinin
genişlənməsinə xidmət edəcək. Forum çərçivəsində ifadə olunan fikirlər
ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də
davam edəcəyini deməyə əsas verir.
Dövlətimizin başçısının
ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini, onların həlli
yollarını daim önə çəkməsini bu təbəqədən olan soydaşlarımıza hərtərəfli
dövlət qayğısının təzahürü kimi dəyərləndirən Əli Həsənov deyib: "Prezident
budəfəki çıxışlarında da məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə nəzərdə
tutulan tədbirlərdən danışaraq problemin həlli yollarını da
müəyyənləşdirib. Bildirib ki, bu təbəqədən olan soydaşlarımızın
problemləri daim diqqət mərkəzindədir, köçkünlərlə bağlı məsələlər öz
həllini tapır”. Prezidentin
də vurğuladığı kimi, bu baxımdan 2017-ci ilin də əlamətdar il olduğunu
və keçən il 2300 ailənin - 12 mindən çox məcburi köçkünün yeni evlərlə,
mənzillərlə təmin olunduğunu diqqətə çatdıran Baş nazirin müavini
bildirib ki, dövlətimizin başçısının bu problemi yenə də diqqət
mərkəzində saxlayaraq önə çəkməsi, bu təbəqədən olan soydaşlarımızın
problemlərinin həlli istiqamətində görülən işlərə və qarşıda duran
vəzifələrə xüsusi önəm verməsi özlüyündə bir daha qaçqın və məcburi
köçkün probleminin Azərbaycan dövləti üçün və şəxsən Prezident İlham Əliyev üçün nə qədər həssas xarakter daşıdığını sübut edir. Prezidentin
bu istiqamətdə cari ildə görüləcək işlərlə bağlı səsləndirdiyi
fikirlərə istinad edən Ə.Həsənov deyib ki, qarşıya ciddi vəzifələr
qoyulub. Belə ki, bu il də yeni köçkün şəhərcikləri, qəsəbələri
salınacaq və bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı
keçən illə müqayisədə təxminən iki dəfə artacaq, ən azı 20 min məcburi
köçkün yeni evlərə, mənzillərə köçürüləcək.
Ümumilikdə
götürdükdə, ötən ilin Azərbaycan üçün çox böyük tarixi əhəmiyyət kəsb
edən hadisələrlə yadda qaldığını, eləcə də bu dövr ərzində ölkəmizin ən
həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və
sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı
kəndinin bərpasına və perspektiv inkişafına yönələn müvafiq
sərəncamlarını, dövlət başçısının kəndin bərpasından sonra burada
görülən işlərlə tanış olmaq məqsədilə bu əraziyə səfərini, bu səfərdən
sonra kəndin bərpasının davam etdirilməsi ilə bağlı imzaladığı növbəti
Sərəncamın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Baş nazirin müavini bildirib ki, artıq kənddə ikinci mərhələdə aparılan bərpa işləri də Prezidentin
tapşırığı və nəzarəti altında qısa müddət ərzində, yüksək keyfiyyətlə
başa çatdırılıb. Ən başlıcası isə dövlətimizin başçısının uğurlu
ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı
kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu
gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan
torpağı olması barədə tam məlumatlıdır. Yəni, bu gün bütün dünya Cocuq Mərcanlını tanıyır.
Bu cür tədbirlərin dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayan Əli Həsənov deyib: "Təkcə ötən il Cocuq Mərcanlıdan
sonra vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində bütün
sosial-texniki infrastrukturu ilə birlikdə 1170 məcburi köçkün ailəsi
üçün inşa edilmiş və açılışında Prezident İlham Əliyevin
də iştirak etdiyi müasir şəhərcik də deyilənləri təsdiqləyir. Ötən il
bu qəsəbənin açılışını məcburi köçkünlərin problemlərinin həlli işində
çox önəmli, həmçinin tarixi hadisə kimi dəyərləndirən dövlətimizin
başçısının da vurğuladığı kimi, vaxtilə işğal altında olan Şıxarx
qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərciyin açılışı bir tərəfdən onu
göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir.
Digər tərəfdən isə onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda
Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları,
qəsəbələr salınır və minlərlə köçkün bu torpaqlara qayıdır”.
Bir nömrəli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov
bildirib ki, uzun illərdir davam edən münaqişənin həlli bizim üçün
prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və
prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
edilməsi bizim üçün əsas vəzifədir. Prezident İlham Əliyevin
də dəfələrlə vurğuladığı kimi, Azərbaycan öz torpaqlarının işğalı ilə
heç vaxt barışmayacaq. Ancaq Ermənistan hələlik konstruktiv mövqe
nümayiş etdirmir və münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışır.
Azərbaycan isə buna yol verməyəcək. Cocuq Mərcanlının
yenidən qurulması, işğaldan azad edilmiş Şıxarx qəsəbəsində məcburi
köçkünlər üçün bu cür şəhərciyin salınması onu göstərir ki, Azərbaycan
dövləti işğaldan azad ediləcək bütün ərazilərdə qısa müddət ərzində bu
cür təmir-bərpa işləri aparacaq, şəhərləri, kəndləri yenidən quracaq,
indi dağıdılmış vəziyyətdə olan şəhər və kəndlərimizə də tezliklə bu cür
həyat qayıdacaq.
Əli Həsənov
bildirib ki, ölkəmizdə akkreditə olunmuş xarici kütləvi informasiya
vasitələrinin nümayəndələrinin, diplomatik nümayəndəliklərin və
beynəlxalq təşkilatların rəhbərlərinin ötən il Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Cocuq Mərcanlıya və Tərtər rayonuna səfərləri təşkil edilib.
Ermənilərin
Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi
mənbələrdən biri olan, Azərbaycana qarşı ərazi iddialarını ifşa edən,
1978-ci ildə ermənilərin özləri tərəfindən ucaldılmış, 1988-ci ildə
dağıdılmış, hazırda qalıqları Tərtər rayonunun Şıxarx kəndinin ərazisində olan "Marağa–150” abidəsinin Azərbaycan Prezidentinin
tapşırığına əsasən bərpa edildiyini diqqətə çatdıran komitə sədri deyib
ki, bu tarixi abidənin ərazisi abadlaşdırılıb, arxiv sənədləri,
fotoşəkillər əsasında Azərbaycan, rus, ingilis və fars dillərində
stendlər quraşdırılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın
məcburi köçkünlərə qayğısından bəhs edən komitə sədri deyib ki,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin
olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da məhz Bakı
və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda
müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsinə həsr etdi və çox ciddi tapşırıqlar verdi. Bundan sonra
Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Qəzalı vəziyyətdə
olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə
təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə
yaşayan soydaşlarımız üçün yeni binaların tikintisinə start verildi.
Onların müxtəlif ərazilərdə yeni mənzillərlə təmin olunması və bu
işlərin bu gün də uğurla davam etdirilməsi ölkə əhalisinin ən həssas
təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısının daha
bir əyani sübutudur. Təkcə onu qeyd edək ki, Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün
ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.
Qaçqın və
məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr
yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət
yaşayış kompleksləri salındığını, 53 min ailənin və ya 265 min nəfər
qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını
deyən Ə.Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin də fəaliyyətinin prioritetidir. Bakı
və Sumqayıt şəhərlərindəki digər qəzalı binalarda yaşayan köçkünlərin
problemlərinin də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaxın
vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Ə.Həsənov bir daha
diqqətə çatdırıb ki, dövlətimizin başçısının da, ölkənin Birinci
vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır
vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu
proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni
zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi
köçkünlər orada yerləşdirilir.
Kollegiya iclasında Baş nazirin
müavini qeyd etdi ki, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri
öz ərazilərində görülmüş işlər haqqında hesabat verərkən bilməlidirlər
ki, bütün bunlar Azərbaycan Prezidentinin
fərman və sərəncamları əsasında və onun gündəlik diqqət və qayğısı ilə
həyata keçirilir. Bu, onların hesabatlarında mütləq əksini tapmalıdır.
İclasda Əli Həsənov Baş nazirin müavini, YAP
sədrinin müavini səlahiyyətləri çərçivəsində işğal altında olan rayon
icra hakimiyyəti başçılarına məcburi köçkünlərlə mülayim davranmaq,
onların problemlərinə diqqət və qayğı ilə yanaşmaq, onlara lazımi
xidmətləri göstərmək, səlahiyyətləri çərçivəsində məcburi köçkünlərin
problemlərinin həllinə nail olmaq göstərişlərini də verib.
Kollegiya
iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı,
həmçinin bildirilib ki, bu təbəqədən olan soydaşlarımızın sosial
müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi məqsədilə
uzunmüddətli, kompleks vəzifələr müəyyənləşdirilib və ötən müddət
ərzində Dövlətqaçqınkomun kollektivi tərəfindən qarşıya qoyulmuş
vəzifələrin icrası istiqamətində mühüm işlər görülüb və bu gün də
görülməkdədir. Ölkə həyatının bütün sahələrinin dinamik inkişafı,
qazanılan nailiyyətlər, ən başlıcası isə dövlət başçısının bu sahəyə
müntəzəm qayğı və diqqəti əldə olunan uğurların əsasını təşkil edir.
Kollegiya iclasında vurğulanıb ki, Azərbaycan Prezidentinin
ölkəmizin əsas problemi elan etdiyi və gündəlik diqqət mərkəzində
saxladığı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı
mühüm tapşırıq və göstərişlərinin, bu sahə ilə bağlı dövlət başçısının
müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət Proqramı və ona edilmiş
əlavələrdə, digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş bütün
tədbirlərin həyata keçirilməsinin ardıcıl və tam şəkildə təmin edilməsi
üçün Dövlətqaçqınkomun kollektivi bundan sonra da əzmlə çalışacaq, bu
təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həlli ilə bağlı
qarşıya qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirəcək.
Cari
və həlli vacib məsələlərin geniş müzakirə edildiyi kollegiya iclasına
yekun vuran Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Prezident tərəfindən imzalanmış müvafiq fərman, sərəncam və Dövlət Proqramında, ona edilmiş əlavələrdə, eləcə də ölkə başçısının Nazirlər Kabinetinin
son iclasındakı nitqində qarşıya qoyulmuş vəzifələrin birmənalı
şəkildə, vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulayıb. O,
Dövlətqaçqınkomun bütün sahələrdəki fəaliyyətinin daha səmərəli təşkili
ilə bağlı yeni və əsas istiqamətləri önə çəkməklə hazırda kollektivin
qarşısında daha ciddi vəzifələr qoyulduğunu diqqətə çatdırıb, komitənin
struktur bölmələrinə konkret tapşırıq və göstərişlərini verib. Əli Həsənov
deyib: "Komitədə mərkəzləşmiş vahid kompüter uçotu sisteminin mövcud
olmasına baxmayaraq, aktual məsələlərdə, məsələn, müavinət alan məcburi
köçkünlərin qəsəbələrdə, müxtəlif nazirlik və fondların verdiyi,
həmçinin kompensasiya vasitəsilə verilən mənzillərin paylanışında mənzil
alan məcburi köçkünlərin, miqrasiya olunan məcburi köçkünlərin vahid
kompüter uçotu sisteminin yaranmasına yenidən baxılmalı, işğal altında
olan rayon icra hakimiyyətlərində və komitədə kompüter uçot sektoru və
şöbələri gücləndirilməli, daha peşəkar kadrlarla
kompletkləşdirilməlidir”.
Əli Həsənov
onu da diqqətə çatdırıb ki, məcburi köçkünlərlə əlaqədar icra
orqanlarının vəzifə və səlahiyyətləri mövcud qanunvericilik aktları və
qaydalarına əsasən dəqiq müəyyənləşdirilib, onların qəbul olunmasından
uzun müddət vaxt keçdiyi, ötən dövr ərzində yeni situasiyalar yarandığı
üçün daxili miqrasiya və koordinasiyaya nəzarətinin gücləndirilməsi, bu
sahədə səlahiyyətlərin yenidən dəqiqləşdirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qaydalara yenidən baxılması məqsədəuyğun olardı.
İclasda,
həmçinin 2018-ci il prezident seçkiləri ilə əlaqədar kollektivin
qarşısında duran təşkilati vəzifələr də müzakirə olunub. YAP sədrinin müavini Əli Həsənov bununla bağlı müvafiq tapşırıqlarını verib.
Kollegiya
iclasında hər gün komitənin inzibati binasında məcburi köçkünlərin
problemləri ilə məşğul olduqları üçün əraziləri işğal olunmuş rayon icra
hakimiyyətlərinin başçılarının müavinləri də iştirak ediblər.