Məmmədyarov Türkmənistan prezidenti ilə görüşüb
Gündəm
|
14:16 • 31 Yanvar 2018
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfər
çərçivəsində prezident Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, görüşdə Türkmənistan prezidentinin 2017-ci ildə
Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində
yüksək siyasi dialoqun ölkələr arasında ənənəvi dostluq əlaqələrinin
inkişafına xüsusi təkan verdiyi qeyd olunub. Hər iki ölkənin xalqlar
arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin
bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulanıb.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin nümayəndələrinin də daxil
olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin
enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli
imkanlar yaratdığı bildirilib.
E. Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat
imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb.
Ölkələr
arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və
Türkmənistanın iştirakı ilə üçtərəfli formatda inkişaf etdirilməsinin
regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.