Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə
işgüzar səfərdə olan Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti
polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən xəbərə görə, görüşdə bütün istiqamətlərdə olduğu kimi idman
sahəsində də ölkəmizin böyük nailiyyətlər qazandığını deyən Müdafiə
naziri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin
və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri
nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır.
Azərbaycanda idmanın inkişafı dinamik xarakter daşıyır və ölkənin
ictimai həyatında mühüm rol oynayır. Son illərdə təkcə Bakıda
deyil, respublikamızın bütün bölgələrində də idman kompleksləri
tikilib. Ölkəmizin təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də
mühüm beynəlxalq yarışların təşkilində nailiyyətləri ilə dünyada
tanındığını deyən nazir qeyd edib ki, bir sıra mötəbər beynəlxalq idman
qurumları dünya səviyyəli yarışların Azərbaycanda keçirilməsinə
tərəddüdsüz razılıq verirlər.
Artıq
Azərbaycanda keçirilən beynəlxalq idman yarışları silsilə xaraktetri
daşıyır. Ölkəmizin CISM ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan
Müdafiə naziri nüməyəndə heyətinin bu səfərinin orduda idmanın
inkişafına mühüm təkan verəcəyinə əminliyini bildirib. CISM-in
prezidenti də öz növbəsində bu gün Azərbaycanın dünyada həm də idman
dövləti kimi tanındığını xüsusi qeyd edib. Azərbaycanın hər zaman CISM-ə
böyük dəstək verdiyini vurğulayan qonaq bildirib: "Biz əminik ki,
Azərbaycan ilə Şura arasında olan səmimi münasibətlər bundan sonra da
davam edəcəkdir”.
Müxtəlif
illərdə Azərbaycanda hərbçilər arasında idmanın bir çox növləri üzrə 4
dəfə dünya çempionatlarının keçirildiyini xatırladan CISM prezidenti
ölkəmizin bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb. Görüşdə
Azərbaycanın müvafiq qurumları ilə CISM arasında əməkdaşlığın daha da
genişləndirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sonda Beynəlxalq Hərbi İdman Şurası tərəfindən təsis edilmiş "Ali zabit”
medalı Müdafiə naziri general-polkovnik Zakir Həsənova, "Zabit” medalı
isə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova təqdim edilib.