Yanvarın 23-də Nazirlər
Kabinetində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli
Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib.
XəzərXəbər xəbər verir ki, iclası açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov
Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra
kifayət qədər işlərin görüldüyünü və qarşıya qoyulan mühüm vəzifələrin
yerinə yetirildiyini bildirib.
Baş nazirin müavini qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Könüllü Milli Hesabatı BMT-nin
Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub. Bu hesabatın
hazırlanmasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının
tərkibində yaradılan işçi qrupların fəaliyyəti təqdirəlayiqdir. Həmin
hesabat "Azərbaycan-2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı
İnkişaf Məqsədlərinə doğru” adı ilə Azərbaycan dilinə tərcümə olunub.
Bundan başqa, AZƏRTAC-ın materialları əsasında üç dildə "Dayanıqlı
İnkişaf Məqsədləri: iclaslar, görüşlər, tədbirlər...” adlı kitab çap
edilib.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının
sədri bildirib ki, ötən dövr ərzində bu sahədə maarifləndirmə işləri də
görülüb. Milli Məclis
ilə şura arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün
müxtəlif işlər görülüb. Azərbaycan dilində "Parlamentlər və Dayanıqlı
İnkişaf Məqsədləri” adlı məcmuə çap edilib. Bu nəşr Milli Məclisin üzvləri üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Əli Əhmədov deyib ki, ötən dövrdə şuranın katibliyi və işçi qrupları öz fəaliyyətini davam etdirib. Həmçinin BMT
tərəfindən bu sahədə müxtəlif monitorinqlər aparılıb. Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurasının ildə dörd iclasının keçirilməsi
məqsədəuyğundur. Bu iclaslarda monitorinq və işçi qruplarının
hesabatları dinləniləcək.
İclasda Azərbaycan Respublikasında
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2017-ci ildə
görülmüş işlər və qarşıda duran məsələlər müzakirə edilib. Dayanıqlı
İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən Dayanıqlı İnkişaf
Məqsədlərinin həyata keçirilməsində 2016-2017-ci illərdə görülmüş işlər
barədə xüsusi hesabatın xülasəsi nəzərdən keçirilib və Azərbaycan
Respublikası Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.
Bundan
başqa, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə
göstəricilərin milliləşdirilməsi və prioritetlərin seçilməsi il bağlı
cari vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Həmçinin
2019-cu ildə Yüksək Səviyyəli Siyasi Foruma Dayanıqlı İnkişaf Məqsədləri
üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim
edilməsinə dair müzakirələr aparılıb.