Xəzər Xəbər

Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi

Gündəm | 09:35 • 23 Yanvar 2018
Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

Görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə "CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edildi. Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulandı.

"CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirildi.



***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb.

Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə "Mastercard” şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını məmnunluqla bildirdi. Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında "Mastercard”dan geniş istifadə edildiyini deyən Tim Mörfi Mərkəzi Bankla, həmçinin digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğuladı.



Prezident İlham Əliyev son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması barədə müvafiq orqanlar qarşısında vəzifələr qoyulduğunu bildirdi. Dövlətimizin başçısı bu layihələrdə "Mastercard”ın yaxından iştirak etməsinin əhəmiyyətli olduğunu vurğuladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.

Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğuladı.



Prezident İlham Əliyev Azərbaycan ilə "Royal Phillips” şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd etdi. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.


***

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın "Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub.

Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verdi. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan "Black Rock” şirkətinin 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirdi.

Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan Respublikası "Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirdi.



Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə "Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışdı, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Dövlət başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.

Prezident İlham Əliyev Börge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.



Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP layihəsinin əhəmiyyəti vurğulanıb.

Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirilib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti