Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ CAVAB

Gündəm | 12:28 • 16 Yanvar 2018
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? -

Yanvar-fevral ayları ən çox soyuq olan aylardır. Bölgələrdə qar, Bakıda və Abşeron yarımadasında yağış, sulu qarla müşayiət olunur. Elə illər olub ki, yanvarda qar yağmayıb. Qar yağması adətən Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qeydə alınıb. Lakin keçən illə müqayisədə qar çox olsa da, qış hələ qarşıdadır. Yanvarın ikinci yarısı və fevral ayında qar daha çox yağır.


Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.


"Bir neçə gün davam edən yağıntılı və qeyri-sabit hava şəraitindən sonra yanvarın 17-dən başlayaraq 19-u gündüzədək hava şəraitinin mülayimləşəcəyi, temperaturun nisbətən yüksələcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında temperatur gündüz 3-7 dərəcə arasında dəyişəcək. Bəzi yerlərdə səhər və axşam duman çiskin olacaq. Mərkəzi Aran rayonlarında 3-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Hazırda paytaxtda müşahidə olunan temperatur iqlim normasına yaxın və bir qədər yüksəkdir”, - deyə baş hidroloq qeyd edib.


A.Verdiyev bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, bəzi yerlərdə duman-çiskin olacağı gözlənilir. Yanvarın 17-də gecə və səhər yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı ehtimalı var.


Baş hidroloq, həmçinin onu da vurğulayıb ki, həftə ərzində dağlıq ərazilərdə yağıntılı və şaxtalı hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında isə yanvarın 20-dək qar yağması gözlənilmir.

Xəbər lenti