Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə
"20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə
bağlı tədbirlər planı” təsdiq edilib.
XəzərXəbər xəbər verir ki, sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar
gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü
uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin
keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların,
bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.
Həmçinin
dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları
vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi
informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet
şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.
Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar
hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar
göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq,
Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar
tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər
təşkil ediləcək.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin
yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da
bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar
faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq
dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.