Azərbaycan ATƏT-in
2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri
sırasına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in
Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll
edilməsinin daxil edilməsini müsbət qiymətləndirir.
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib.: "Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk konfransının və sonradan ATƏT-in Minsk qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliya xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan
qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını
nəzərdə tutan "Təcili tədbirlər haqqında vaxt cədvəli”ni çox yaxşı
xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair "Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nın 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib".
O əlavə edib ki, 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu
tərəfindən təqdim olunan "Təhlükəsizlik Şurasının 822 və 853 saylı
qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yenilənmiş vaxt
cədvəli” adlı sənədini alqışlayır və təqdir edir:
"Həmçinin, BMT TŞ-nin 874 saylı qətnaməsində ATƏM-in Minsk qrupunun
"Yenilənmiş vaxt cədvəli”ndə nəzərdə tutulan qarşılıqlı və təcili
tədbirlərin həyata keçirilməsinin təmin olunması, xüsusən işğalçı
qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb
olunur".
XİN rəsmisi bildirib ki, Ermənistan
qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına
dair "Təcili tədbirlər haqqında vaxt cədvəli” ATƏM-in Minsk konfransının
o zaman üzvü olan 9 ölkə tərəfindən birlikdə hazırlanıb:
"1993-cü
ilin 28 iyulunda ATƏM-in Minsk konfransının sədri statusunda Minsk
konfransının 9 ölkəsi adından Mario Rafaelli verdiyi bəyanatında və BMT
Baş katibinə təqdim etdiyi hesabatında bildirib: "Güc yolu ilə işğal
olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının
irəli aparılması üçün ən mühüm amildir” (BMT Təhlükəsizlik Şurasının S/26184 28 iyul 1993-cü il tarixli sənədi). Biz ümid edirik ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək".