""Gilavar” Hava və
Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam
etdirilir. Lakin bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış –
xilasetmə işləri bir neçə saatlıq dayandırılıb. Çünki ərazidə çovğundur,
qarın qalınlığı 30 – 40 santimetrə çatır. Hava şəraiti düzələn kimi
axtarış işləri davam edəcək”.
XəzərXəbər xəbər verir ki, bunu APA-ya axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.
"2-3 metr məsafəni görmək mümkün deyil. Əslində bu gün helikopterlə əraziyə əlavə qüvvələr cəlb etmək istəyirdik. Əlverişsiz hava
səbəbindən heç helikopter də qalxa bilmədi. Hava şəraiti çox pisdir,
göz gözü görmür. Elə anlaşılmasın ki, axtarış – xilasetmə işləri
birdəfəlik dayandırılıb. Hava şəraiti düzələn kimi axtarış – xilasetmə
işləri dərhal bərpa olunacaq”, - deyə qərargah rəisi vurğulayıb.
O bildirib ki, axtarış işlərində FHN əməkdaşları ilə birgə ANAMA, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və könüllülər iştirak edir: "Axtarış işlərində Dövlət Sərhəd Xidmətinin
pilotsuz uçuş aparatları və ANAMA-nın minaaxtaran avadanlıqlarından
belə istifadə edilib. Lakin bir nəticə əldə edilməyib. Biz qar uçqunu
olan sahələri 15 – 20 metr dərinliyində qazırıq. Təsəvvür edin o qədər
güclü çovğun olur ki, külək qazılan əraziləri doldurur. İtkin düşmüş 3
nəfər üzvü olduqları kluba plan və koordinatlarını verməli idilər. Nə
klub, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların planları barədə
məlumatlıdır. Biz dəqiq məlumata sahib deyilik, ancaq öz ehtimallarımıza
əsasən hərəkət edirik. Güman edilən yerləri axtarırıq. Hər yarım
saatdan bir rəhbərliklə əlaqə saxlanılaraq axtarış – xilasetmə işləri
ilə bağlı son durum məruzə olunur”
Ş. Mirzəyev bəzi könüllülərin
axtarış – xilasetmə işləri ilə bağlı iradlarına da münasibət bildirib:
"Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir
avadanlıq yoxdur, amma axtarış – xilasetmə işlərində iştirak etmək
istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı
olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun
məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında
hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış
prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı
könlüllülər lazımdır”.
Qeyd edək ki, 26 dekabr axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba
rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış
"Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla
əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya
dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur
Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.
Axtarış-xilasetmə
əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.
FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional
Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin
dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə
axtarışlara cəlb olunub.
Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.