"Qarşımızda duran bütün
vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu
istiqamətdə də 2017-ci ildə çox fəal işləmişik. 2017-ci il tarixdə
dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaq".
XəzərXəbər xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
"Baxmayaraq
ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin
hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin
vəziyyətdən şərəflə çıxa bilmişdir. Bunu beynəlxalq mötəbər təşkilatlar
da qeyd edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına,
ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan
dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki,
ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir”, - deyə
Azərbaycan Prezidenti qeyd edib.
Dövlətimizin
başçısı deyib ki, 2017-ci ildə iqtisadiyyatın qeyri-neft sektoru 2
faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd
təsərrüfatı isə 4 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait
üçün bu, çox yaxşı nəticədir.
"Əminəm ki, 2018-ci ildə rəqəmlər
daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da
çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı
düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük
dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu
da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi
müstəqillik verən və onu gücləndirən amillərdən biridir”, - deyə Prezident İlham Əliyev bildirib.