Xəzər Xəbər

Dünya Azərbaycanlılarının Həmrəylik Günü İsveçdə qeyd olunub

Gündəm | 14:35 • 31 Dekabr 2017
Dünya Azərbaycanlılarının Həmrəylik Günü İsveçdə qeyd olunub

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı və ölkəmizin krallıqdakı səfirliyinin dəstəyi ilə paytaxt Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının, habelə yerli ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi mərasim dövlət himnimizin səslənməsi ilə başlayıb.

Sonra çıxış edən İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həmyerlilərimizə təbriklərini çatdırıb. Sevda Dadaşova bu bayramın tarixində nəzər salaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan olunması haqqında qərarın ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edildiyini bildirib.

Bu bayramın xaricdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından önəmli olduğunu vurğulayan İsveç-Azərbaycan Dərnəyinin rəhbəri qeyd edib ki, bu məqsədə nail olmaq üçün yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı birgə amal uğrunda işləməlidir.

Digər çıxış edənlər bu əlamətdar gün və qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Mərasim musiqi proqramı ilə davam edib. Azərbaycanlı musiqiçilər Murad Rüstəmzadə, Ceyla Məmmədova, Çinarə Məlikzadə, İlqar Sadıqov və Sevda Aliverdiyeva sevilən mahnılarını ifa ediblər.

Sonra tədbirdə iştirak edən uşaqlar üçün müxtəlif viktorinalar keçirilib və onlara ölkəmizlə bağlı hədiyyələr təqdim olunub.

Azərbaycanın milli rəqsləri ilə davam edən mərasim iştirakçıların böyük marağına səbəb olub.

Xəbər lenti