Xəzər Xəbər

Uşaqlar üçün “Qış nağılı” əyləncəli festival təşkil ediləcək

Gündəm | 12:47 • 29 Dekabr 2017
Uşaqlar üçün “Qış nağılı” əyləncəli festival təşkil ediləcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan 2018-ci il yanvarın 3-dək Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqı Bakı sakinləri və paytaxtımızın qonaqları olan uşaqlar üçün "Qış nağılı” əyləncəli festival təşkil edəcək.


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov AZƏRTAC-a bildirib ki, "Qış nağılı” əyləncəli festival çərçivəsində hər gün Bakı Dənizkənarı Milli Parkda uşaqlar üçün müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunacaq, əyləncəli viktorinalar keçiriləcək. Əyləncəli proqram çərçivəsində Uşaq və Karlson, Maşa və Ayı öz sərgüzəştləri, Şaxta Baba və Qar qız uşaqlara xoş əhval-ruhiyyə bəxş edəcək, müxtəlif oyunlar təşkil olunacaq.


Qeyd edək ki, şənliklər Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada təşkil olunacaq. Giriş hər kəs üçün sərbəstdir.

Xəbər lenti