2017-ci il Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımdan əlamətdar olub.
Dövlətimizin başçısı tərəfindən Avropa İttifaqı ilə əlaqələrin inkişaf
etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)
2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması Avropa İttifaqı əməkdaşlığımızın inkişafı üçün əlavə stimul verir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan vermiş və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb.
Məlumatda
vurğulanıb ki, tərəflər arasında qarşılıqlı anlaşma şəraitində saziş
layihəsi üzrə konstruktiv danışıqlar davam etdirilir. "Avropa
İttifaqı və onu üzv dövlətləri ilə Azərbaycan Respublikası arasında
vahid aviasiya məkanına dair Saziş” layihənin yekunlaşdırılması üzrə
danışıqlar aparılıb.
XİN-in məlumatına görə, Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar,
nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq
üçün geniş və əlverişli imkanlar vardır. TAP layihəsinin müəyyən edilmiş
qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Avropa
İttifaqı, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı
anlaşma şəraitində birgə səylər davam etdirilir. Fəaliyyətə başladıqdan
sonra yeni enerji mənbəyi və marşrutu olaraq TAP layihəsi və bütövlükdə
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verəcəkdir.