Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir.
XəzərXəbər xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev ilin yekunlarına dair keçirdiyi
mətbuat konfransında bildirib.
"Azərbaycan və Rusiya Prezidentlərinin
dostluq münasibətləri və mütəmadi görüşləri iki ölkə arasında
əlaqələrin inkişafında xüsusi rola malikdir. Bu il iki ölkə arasında
diplomatik əlaqələrin qurulması münasibətilə Moskvada və Bakıda
tədbirlər keçirilib, xarici işlər nazirləri səviyyəsində qarşılıqlı
rəsmi səfərlər olub. İqtisadi-ticarət, humanitar və regionlararası
əməkdaşlığın inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirilib”, -
deyə H.Hacıyev vurğulayıb.
XİN rəsmisi qeyd edib ki, il ərzində
Azərbaycanın ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Türkmənistan,
Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan,
Azərbaycan-Türkiyə-İran
formatlarında xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlərin
keçirilməsi Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli
tərəfdaşlığını tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdaşlığın
inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verib.
"Görüşlərin yekununda Bakı
Bəyannaməsi qəbul olunaraq, üçtərəfli formatda əməkdaşlığın prioritet
istiqamətləri, qarşılıqlı şəkildə tərəflərin bir-birilərinin ərazi
bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörməti və
dəstəyi təsbit olunub.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya-İran formatında uğurlu əməkdaşlıq 2016-ci ilin avqustunda dövlət başçıları səviyyəsində keçirilmiş Bakı
görüşünün ardınca 1 noyabr 2017-ci ildə Tehranda keçirilmiş növbəti
Zirvə Toplantısı ilə xarakterizə olunub. Görüşün yekununda Birgə
Bəyannamə qəbul olunub.
Regional və üçtərəfli əməkdaşlıq məsələləri ilə bərabər Azərbaycan-Rusiya-İran formatı Hind okeanı ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir" - məlumatda bildirilib.