Xəzər Xəbər

Qəbul qaydalarında ciddi dəyişiklik olmayacaq

Gündəm | 11:29 • 28 Dekabr 2017
Qəbul qaydalarında ciddi dəyişiklik olmayacaq

"2018/2019-cu tədris ili üçün ali məktəblərə qəbul qaydalarında ciddi dəyişiklik edilməyəcək.

XəzərXəbər xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu qaydalar demək olar ki, 2017-2018-ci tədris ilinin qəbul qaydaları ilə eyni olacaq.

"Qəbul qaydaları ilə bağlı yeni hazırlanan layihəyə əsasən, iki dəfə imtahan verən şəxslər müxtəlif ixtisas qruplarını seçə biləcəklər. Artıq Təhsil Nazirliyi və Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı razılığını bildirib. Lakin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Ümidvaram ki, yanvar ayında Nazirlər Kabineti bu məsələyə baxacaq və qaydalar təsdiq olunacaq”.

M.Abbaszadə xatırladıb ki, 2019/2020-ci tədris ilə əlaqədar nəzərdə tutulan dəyişikliklərin modeli ictimaiyyətə təqdim edilib: "Lakin modeldə nəzərdə tutulan yenilikləri tətbiq etmək üçün "Təhsil haqqında” qanuna da dəyişikliklər edilməli, hüquqi tənzimlənmələr aparılmalı, maliyyələşdirmə məsələləri nəzərə alınmalıdır. Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə həm buraxılış, həm də qəbul imtahanlarının nəticələri rol oynayacaq. Buraxılış və qəbul imtahanlarının modeli dəyişsə də, imtahanların maliyyələşmə məsələsi müzakirə mövzusudur”.

DİM sədri əlavə edib ki, maliyyə məsələləri ilə əlaqədar qaydalar müəyyən edildikdən sonra ümumi qaydalar elan ediləcək: "Məhz buna görə biz iki il əvvəl Təhsil Nazirliyi ilə yeni qəbul modelinin hazırlanması məsələsinə başladıq. Çünki belə məsələlərdə prosedurlar çox mürəkkəbdir. Daxili razılaşmalar, daxili qaydaların uyğunlaşdırılması vaxt aparır”.

Xəbər lenti