"Dövlət qulluğu ilə
bağlı elan olunan vakant yerlər və bu yerlərə qəbul olmaq üçün
müsabiqədə uğur qazanan namizədlərin sayı arasında fərq var. Vakant
yerlər daha çox, namizədlərin sayı isə azdır”.
XəzərXəbər xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar
Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, insanlarda
hələ həmin yerləri tutmaqla bağlı inam yaranmayıb.
"İnsanlar imtahan prosesindən qorxmamalıdırlar. Onlar öz üzərində
işləyib imtahanlarda hər ay iştirak edə bilərlər. Dövlət qulluğu
imtahanında uğur qazanan namizədlər əsasən gənclərdir. Bu, təxminən
bütün namizədlərin 40 faizini təşkil edir. İmtahanda bakalavrlarla
müqayisədə magistrlərin göstərdiyi nəticələr daha yüksək olub.
Ümumilikdə, magistr təhsilli iştirakçıların imtahanda daha yaxşı nəticə
göstərməsi ali təhsilin bu səviyyəsinə daha hazırlıqlı gənclərin qəbul
olduğunu göstərir”.
DİN rəhbəri vurğulayıb ki, müsabiqənin test
mərhələsində namizədlər məntiq, informatika və Azərbaycan dilindən daha
yaxşı nəticə göstəriblər: "Lakin qanunvericiliklə bağlı sualların
cavablandırılmasında çətinliklər müşahidə olunub ki, bu da
qanunvericiliklə bağlı müəyyən sənədlərin tez-tez dəyişməsi ilə
əlaqədardır. Məhz qanunvericilikdə olan dəyişikliklərlə əlaqədar bu il
dövlət qulluğuna qəbul imtahanlarını il boyu keçirə bilmədik. Biz
imtahanda mövcud qanunvericilik əsasında hazırlanmış suallardan istifadə
edirik. Ona görə də namizədlər diqqətli olmalı və mütləq dəyişiklikləri
izləməlidirlər”.
Mərkəz sədri onu da xatırladıb ki, hər bir icra
orqanının rəhbərinin öz kadr siyasəti var: "Dövlət qulluğuna qəbul
olmaq üçün iki növ (daxili və ümumi) müsahibə elan edilə bilər. Daxili
müsahibənin keçirilməsi qərarını rəhbər şəxs özü verir. Yalnız həmin
qurumda işləyən, vakant yerə iddiaçı olan şəxs daxili müsahibədə iştirak
edə bilər. Qurumda hər hansı vakant yerə keçirilən ümumi müsahibədə isə
dövlət qulluqçusu statusu olan başqa təşkilatlarda işləyənlər, eyni
zamanda barəsində məlumatlar ehtiyat kadrlar bazasına daxil olan şəxslər
iştirak edə bilərlər. Belə müsahibələr keçirilərkən icra orqanının
səlahiyyətləri də məhdudlaşmır. Çünki keçirilən müsahibənin formasını
biz yox, həmin orqanın rəhbəri müəyyənləşdirir.
Başqa məsələ
budur ki, vakant vəzifələr regionlarda yerləşən dövlət orqanlarında
olanda insanlar orada işləmək üçün həvəsli olmurlar. Bu sahədə müəyyən
çatışmazlıq müşahidə olunur. Halbuki regionlarda yerləşən dövlət
orqanlarında rəhbər vəzifələrə aid vakant yerlər mövcuddur və rayonlarda
da yüksək ixtisaslı kadrlara ehtiyac var. Nədənsə, ölkədə insanların
məhz Bakıda,
amma aşağı vəzifədə işləməsi belə ailə-məişət mühitində uğur hesab
olunur. Ancaq hamımız bilirik ki, paytaxtda işləyib yaşamaq daha
çətindir. Çox vaxt gənclər valideynlərin himayəsi altında yaşamaq
istəyirlər. Belə olmamalıdır. Gənclər öz sərbəstliyindən istifadə
etməlidirlər. Öz üzərində çalışan hər bir insan regionda əmək
fəaliyyətinə başlasa da, yaxşı vəzifəyə sahib ola bilər”.
DİM sədri qeyd edib ki, yeni ildən sonra inzbati icraçı (B növü) vəzifə qrupları üzrə müsahibələr elan olunacaq .