Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin gələn il yanvarın 1-dən
fəaliyyətə başlaması üçün bütün zəruri hüquqi baza yaradılıb.
Bu fikri dekabrın 27-də Qida Təhlükəsizliyi Komissiyasının Nazirlər Kabinetində keçirilən növbəti iclasında baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.
O qeyd edib ki, Qida Təhlükəsizliyi Komissiyası Prezident İlham Əliyevin
"Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin
təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10
fevral tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə
yaradılmışdı. Artıq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinə sədr təyin olunub və agentlik 2018-ci il yanvarın 1-dən tam
fəaliyyətə başlayacaq. Bununla da Qida Təhlükəsizliyi Komissiyasının
fəaliyyətinə xitam veriləcək.
Əli Əhmədov
əlavə edib ki, Qida Təhlükəsizliyi Komissiyası bu il ərzində Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsinin
hazırlanmasında fəal iştirak edib və dövlət başçısı həmin Əsasnaməni
təsdiq edib: "Bundan başqa, komissiya tərəfindən müvafiq qurumlar üzrə
səlahiyyətlər bölgüsü aparılıb və bununla bağlı da sənəd hazırlanaraq Nazirlər Kabinetinə
təqdim olunub. Təbii ki, bu sənədin üzərində yenidən işləmək lazımdır.
Güman edirəm ki, bütün işlər tamamlandıqdan sonra həmin sənəd də təsdiq
olunacaq və bunun əsasında Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini təmin edəcək. Həmçinin "Qida
təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
hazırlanaraq ölkə başçısına təqdim edilib və yaxın zamanlarda bu layihə Milli Məclisə göndəriləcək”.
Baş
nazirin müavini bildirib ki, Azərbaycan Respublikasında qida
təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üçün dövlət
proqramının layihəsi də hazırlanaraq Prezidentə
təqdim olunub. Bu layihə təsdiq olunduqdan sonra Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini müəyyən
edə biləcək. Bundan başqa, Kodeks Alimentarius Komissiyasında Azərbaycan
Respublikasının təmsilçiliyi ilə əlaqədar müvafiq sənəd də hazırlanaraq
göndərilib. Bundan sonra təmsilçilik səlahiyyəti Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilib: "Gələn il
yanvarın 1-dən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinin fəaliyyət göstərməyə başlaması üçün zəruri hüquqi baza
demək olar ki, yaradılıb. Bundan sonra təşkilatı işlər, maddi-texniki
bazanın formalaşdırılması, təmin edilməsi və agentliyin öz işini həyat
keçirməsi üçün şərtlərin yerinə yetirilməsi işləri başlayır. Biz Qida
Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin çox qısa zamanda təmin
olunmasını arzulayırıq. Təbii ki, yeni qurum yaradıldıqda bu proses
müəyyən vaxt tələb edir. Qida Təhlükəsizliyi Agentliyi gələn ilin
əvvəlində fəaliyyətə başlamasına baxmayaraq, Agentlik öz funksiyalarını
tam yerinə yetirənədək Qida Təhlükəsizliyi Komissiyası bu prosesə öz
dəstəyini göstərəcək”.
Sonra Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentlik qarşısında
duran vəzifələr, həyata keçirəcək tədbirlər və qarşıya qoyulan
vəzifələrin yerinə yetirilməsi barədə danışıb.
İclasda Agentliyin
strukturu və işçilərinin ümumi say həddinin müəyyənləşdirilməsi,
maliyyə və əmlak məsələlərinin həlli ilə bağlı təkliflər səsləndirilib,
müvafiq qərar qəbul olunub. (AzərTAc)