Bu gün Azərbaycanın ümummilli
lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər
Əliyevin anım günüdür. Mərhum dövlət başçısının vəfatından 14 il keçir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.
1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev
1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri
vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin
illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi
siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı
nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı
törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını
tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ
rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin
iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda,
sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə
deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin
müavini olub.
Heydər Əliyev
1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş
təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.