Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabr 7-də Quba rayonunun
əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh,
Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil
yollarının açılışında iştirak edib.
XəzərXəbər xəbər verir ki, hazırda respublikanın yol infrastrukturunun yenidən
qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr icra
edilir. Əsas məqam isə odur ki, son dövrlərdə respublikanın kənd və
qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması geniş
vüsət alıb. Prezident İlham Əliyevin
sərəncam və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı
ilə bağlı qəbul edilən Dövlət proqramlarında xüsusi yer tutan bu
layihələr ölkəmizin bütün bölgələrini əhatə edir.
Quba
rayonunda 6 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən
Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə,
Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi də Prezident İlham Əliyevin
2013-cü, 2014-cü, 2015-ci və 2016-ci illərdə imzaladığı müvafiq
sərəncamlarına əsasən həyata keçirilib. Bu yolların istifadəyə verilməsi
bölgədə turizmin, kənd təsərrüfatının inkişafına, əhalinin və
nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunmasına imkan
yaradacaq. Yeni yolların istifadəyə verilməsi həm də sübut edir ki, bu
il həyata keçirilməsi nəzərdə tutulan "40 yol layihəsi”nin icrası
istiqamətində işlər uğurla davam edir.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Qubanın
bu yeni yollarının ümumi uzunluğu 32 kilometrdən çoxdur. Dördüncü
texniki dərəcəyə aid ikizolaqlı yolların hərəkət hissəsinin eni 6
metrdir. Layihə çərçivəsində müxtəlif diametrli 27 su ötürücü boru
tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici
lövhələr quraşdırılıb, bir aşırımlı, dəmir-beton konstruksiyalı dörd
körpü inşa edilib.
Sonra dövlətimizin başçısı əsaslı surətdə
yenidən qurulan yolların rəmzi açılışını bildirən lenti kəsdi. Sonda
xatirə şəkli çəkdirildi.