Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid ailələri”, "20 Yanvar”, "Azərbaycan Çernobıl
Əlilləri İttifaqı”, "Azərbaycan Vətən Müharibəsi Veteranları”, "Vətən
Fədailərinin Hüquqlarının Müdafiəsi”, "Azərbaycan Gözdən Əlillər
Cəmiyyəti” və "Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliklərinin
rəhbər şəxsləri ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən
XəzərXəbər-ə verilən məlumata görə, bundan əvvəl nazirlikdə "Qarabağ qaziləri” və "Vətən Müharibəsi Əlilləri” İctimai Birliklərinin sədrləri ilə də görüş keçirilib.
Qarabağ müharibəsi, 20 Yanvar,
Çernobıl əlilləri və gözdən əlillər, şəhid ailələri və müharibə
veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri ilə görüşdə əmək və
əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan prezidenti İlham Əliyevin
sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısının
əlil və şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılmasına imkan
yaratdığını vurğulayıb.
Nazir bildirib ki, mühüm sosial proqramlardan biri kimi, ötən dövrdə 6,1 min nəfər əlil və şəhid ailəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatı həyata keçirilib. Mənzillə təmin edilən əlilliyi olan şəxslərin sırasında Qarabağ
müharibəsi əlilləri ilə yanaşı, Çernobıl AES əlilləri, gözdən əlillər
də var. Dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də
bu proqram uğurla davam etdiriləcək.
Müharibə əlillərinin minik
avtomobilləri ilə təmin olunması tədbirlərini diqqətə çatdıran
S.Müslümov qeyd edib ki, bu təbəqədən olan əlillərin, 20 Yanvar və Çernobıl AES əlillərinin sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, onların, habelə şəhid ailələrinin Azərbaycan Prezidentinin
aylıq təqaüdləri ilə təminatı da həyata keçirilir. Eyni zamanda, I qrup
əlilliyi olan şəxslərdən, o cümlədən I qrup gözdən əlillərdən aylıq
sosial müavinət alanlara, Əfqanıstanda sovet qoşunlarının tərkibində
beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və
məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə Prezidentin
aylıq təqaüdü ödənilir. Müharibə əlilləri və onlara bərabər
tutulanların, şəhid ailələrinin uşaqları, müharibə veteranları, o
cümlədən Əfqanıstan müharibəsi veteranları aylıq sosial müavinətlərlə
təmin edilirlər.
Bütün bu sosial ödənişlərin də ötən dövrdə mütəmadi olaraq artırıldığını bildirən S.Müslümov müharibə əlillərinin, 20 Yanvar,
Çernobıl əlillərinin və gözdən əlillərin tibbi-sosial reabilitasiyası
sahəsində müvafiq işlərin aparıldığını, onlar üçün reabilitasiya
infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu diqqətə çatdırıb.
Nazir həmin insanlarla bağlı ictimai qurumlarla sıx əməkdaşlıq həyata
keçirildiyini, aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi
işlərində onların da yaxından iştirakına şərait yaradıldığını, onlarla
nazirlikdə müntəzəm görüşlərin təşkil olunduğunu qeyd edib. S.Müslümov
belə görüşlərin, o cümlədən hazırda keçirilən görüşün müvafiq sahələrdə
görülən və planlaşdırılan işlər barədə həmin ictimai birliklərin rəy və
təkliflərinin öyrənilməsi baxımından önəmli olduğunu vurğulayıb.
Görüşdə
qeyd olunan ictimai birliklərin rəhbərlərinin müraciətləri, eləcə də
ayrı-ayrı qanunvericilik aktlarında dəyişiklik edilməsi ilə bağlı
təklifləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər müzakirə
olunub, səslənən təkliflərlə bağlı müvafiq araşdırmaların aparılması
barədə nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə
tapşırıqlar verilib.